"Maraqlı oyun olacaq".
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunda "Qarabağ”la final matçı öncəsi mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, həlledici matçla bağlı fikirlərini bildirib: "Qarşıda bizi maraqlı bir oyun gözləyir. "Sabah" ilk dəfədir ki, finala çıxır. Burada bərabərlik yoxdur. Ya qalib gəlməlisən, ya da məğlub olmalısan".
- Zədəli, yaxud performansını bəyənməyib oyuna buraxacaq futbolçular var?
- Seymur Məmmədov zədəlidir. Demək olar ki, biz artıq 20 oyunçu ilə matça hazırlaşırıq. Amin uzunmüddətli zədədən qayıdıb. Lens də həmçinin. Onların hər ikisi çox güman ehtiyatda olacaq.
- Futbolçu kimi dəfələrlə Rusiya kubokunun finalında çıxış etmisiniz. Həlledici oyununun özəlliyini əsasən nədə görürsüz?
- Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.
- "Sabah"a gəldikdən sonra "Qarabağ"a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab etmək olar?
- Yarışmalı, mübarizə aparmalı, bir sözlə, qələbə üçün əlindən gələni etməlisən ki, meydandan qalib ayrılasan. Qarabağ da bu oyuna çox motivasiyalı çıxacaq. Bu qarşılaşma onlar üçün önəmlidir. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm. Biz də başa düşürük ki, bu oyunun favoriti “Qarabağ”dır. Güllə açılmamış yıxılmaq lazım deyil.
- Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. Onunla "Qarabağ"ı necə məğlub etmək haqqında söhbətiniz olub?
- Deyə bilərəm ki, yox. Ancaq ümumi məqamlar var ki, biz məşqçilər olaraq öz aramızda müzakirələr aparırıq. Xüsusi olaraq qeyd edəcəyim məqam isə yoxdur.
- "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qorumağa çalışacaqsınız, yoxsa yeni transferlər istiqamətində iş aparacaqsınız?
- Gələcəkdə necə olacaq, onu bilmirəm. İki gün sonra baş tutacaq oyuna fokuslanmışıq. Hazırda bizim üçün əsas olan budur.
Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.
Aytac Sahəd
İdman.biz