Qurban Qurbanov: “Həzz aldım”

Xəbərlər
28 May 2025 09:11
80
Qurban Qurbanov: “Həzz aldım”

“Çox xoş oldu, gözəl ab-hava vardı. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi. Bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və minifutbolun da sevildiyini göstərir”.

İdman.biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolinfo.az saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Azərbaycan millisinin Rumıniya üzərində qazandığı qələbəni dəyərləndirib: “Millimizin qələbəsi çox fantastik idi. Əsl futboldakı final oyunu kimi oldu. Sonuncu dünya çempionuna penalti seriyasında qalib gəldik. Həqiqətən də oyundan çox həzz aldım. Turnirin Bakıda keçirilməsi bizə müəyyən üstünlük verir. Amma bu idmandır və burada hər cür nəticə ola bilər. Artıq ikinci oyundur ki, stadiondan izləyirəm. Hiss olunur ki, futbolçularımızda həyəcan var. İlk dəfədir Bakıda belə bir yarış keçirilir. Fürsətdən istifadə edib, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Bəlkə də bir çoxları bu yarışa “kiçik baxır”, amma ümumi götürsək, təşkilatçılıq, minifutbola marağı və azarkeşlərin inamını böyük futbolda da görmək istərdim”.

Qurbanov həmçinin futbol millimizin qarşıdakı yoxlama oyunlarına toxunub: “Onlara da uğurlar arzulayıram. Gözləntilərimiz hər zaman yüksəkdir. Hər an ən yaxşısını gözləyirik. Nəticələrdən asılı olmayaraq, hər bir halda millimizin yanında olmalıyıq”.

“Niyə böyük futbolda da belə azarkeş dəstəyi görə bilmirik” sualına 53 yaşlı çalışdırıcı belə münasibət bildirib: “Bizim oyunlarımızda var (gülür). Düzdür, çempionat matçlarında azarkeş dəstəyi zəifdir. Lakin “Qarabağ”ın avrokubok oyunlarında bizi dəstəkləməyə gəlirlər. Ümidvaram ki, bu da olacaq. Bu gün 4-5 min azarkeşi belə gözəl arenaya toplamaq mümkün olur. Gələcəkdə stadionlara da cəlb etmək olar. Futbolda hər bir komandanın öz azarkeşi olur. Bəzi fanatlar nəticəyə görə yox, sadəcə öz komandalarına görə gəlirlər. Əgər bir tərəfdən uduzuruqsa, digər tərəfdən udaraq bəzi problemləri aradan qaldıra bilərik. Azarkeşlər stadionlarda olsalar, bizə dəstək verər, futbolçulara güc qatılar. Bu problemlər həll olunsa, digərləri də yoluna düşər. Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla və işimizlə cəlb etməliyik”.

İdman.biz