Kamal Bayramov: “Hər şeyin öz vaxtında olması daha yaxşıdır”

Xəbərlər
26 May 2025 16:27
190
Kamal Bayramov: “Hər şeyin öz vaxtında olması daha yaxşıdır”

“Futbolda qalıb sevimli işimi davam etdirəcəm”.

Bunu İdman.biz-ə futbolçu karyerasını bitirən Kamal Bayramov deyib.

Başa çatan 2024/25 mövsümündə “Şamaxı”nın formasını geyinən qapıçı qərarını şərh edib: “Əslində, yaşla bağlı bir çətinlik olmadı. Sadəcə düşünürəm ki, hər şeyin öz vaxtında olması daha yaxşıdır. Daha faydalı ola biləcəyim bir istiqamətdə davam etmək istəyirəm. Mən futbola bağlı adamam, övladım da futbol oynayır. Yəni ailəliklə bu sahədəyik. Bundan sonra fəaliyyətimi məşqçi kimi davam etdirəcəm. Sadəcə hələlik klubun adını açıqlamaq istəmirəm”.

Bayramov bildirib ki, karyerasında xüsusi fərqləndirəcəyi klub yoxdur: “Mənə bütün klublarda xoş münasibət olub, oynadığım hər yerdə hörmət görmüşəm. Klub rəhbərindən tutmuş, ən sadə işçisinə kimi. Futbola 10 yaşımda gəlmişdim, 40 yaşımda gedirəm. Otuz il az vaxt deyil. Futbolçu olmağımda əməyi keçən hər kəsə minnətdaram”.

Qeyd edək ki, Kamal Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı"da çıxış edib.

Aytac Sahəd
İdman.biz