"Minifutbol üzrə dünya çempionatı Azərbaycanın ev sahibliyi etdiyi növbəti nüfuzlu yarışlardan biridir. Bildiyiniz kimi, ölkəmiz indiyədək ilk Avropa Oyunları, III İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlara ev sahibliyi edib".
İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.
Nazirlik nümayəndəsi bildirib ki, minifutbol üzrə dünya çempionatı da əhəmiyyətli tədbirlərdən hesab olunur: “Bakı ayrı-ayrı illərdə müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarını qəbul edib. Hər biri də yüksək səviyyədə təşkil olunub və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib. Minifutbola ölkəmizdə böyük maraq var. Sevindiricidir ki, Azərbaycan bu idman növü üzrə nəinki Avropada, hətta dünyada ən güclü milli komandaya sahib ölkə kimi tanınır. İnanıram ki, mundial minifutbolumuzun daha da populyarlaşmasına və inkişafına təkan verəcək. Eyni zamanda, üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirən ölkəmizin adı dünya idman tarixinə daha bir mötəbər tədbirə layiqincə ev sahibliyi edən dövlət kimi yazılacaq".
Mehdiyev bu il ölkəmizin Formula 1 Azərbaycan Qran-Prisi və III MDB Oyunlarına da ev sahibliyi edəcəyini xatırladıb: “Hər il paytaxımızda keçirilən Formula 1 yarışı da ölkəmizi dünyada tanıdan ən nüfuzlu yarışlardan biridir. Bu il 7 şəhərimizdə keçiriləcək III MDB Oyunları da paytaxtdan kənarda ən iri miqyaslı ilk multi idman yarışı olaraq tarixə yazılacaq”.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı iyunun 1-də başa çatacaq.
İdman.biz