Əfran İsmayılov: "Ona ev aldım, əziyyət çəkməməsi üçün nə istəyirdisə etdim" - VİDEO

Xəbərlər
21 May 2025 10:42
147
Əfran İsmayılov: "Ona ev aldım, əziyyət çəkməməsi üçün nə istəyirdisə etdim" - VİDEO

“Mənim üçün həyatda ən önəmli varlıq anamdır”.

İdman.biz xəbər verir ki, bunu veteran futbolçu Əfran İsmayılov jurnalist Azər İsmayılın "YouTube" layihəsində deyib.

O, karyerasını xaricdə davam etdirməməsinin səbəblərindən danışıb. İsmayılov bildirib ki, ölkədə qalmasının əsas səbəbi anasına olan bağlılığıdır: “Mən nəinki qollarımı, ömürboyu çəkdiyim bütün əziyyətin bəhrəsini anama həsr etmişəm. Həmişə düşünürdüm ki, anam üçün daha böyük ev qurum, ona daha rahat olsun. Şükürlər olsun ki, futbolçu oldum və anamın dediyi bütün istəkləri yerinə yetirdim. Ona böyük ev aldım, əziyyət çəkməsin deyə nə istəyirdisə etdim. Xaricə çıxmamağımın əsas səbəblərindən biri də məhz anamdır. Vaxtilə xarici klublardan çox təklif almışam. Anamı tək buraxa bilmədiyim üçün getməmişəm. Mən onsuz qala bilmirəm. Ancaq gənc futbolçulara məsləhət görürəm ki, legioner həyatı yaşasınlar. İnkişaf üçün bu mütləqdir”.

Qeyd edək ki, Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “Keşlə”də çıxış edib. Azərbaycan millisinin sabiq üzvü hazırda karyerasını “Araz-Naxçıvan” klubunda köməkçi məşqçi kimi davam etdirir.

Aytac Sahəd
İdman.biz