Ehtiram Quliyev: “Desəm ki, finalda “Qarabağ”a azarkeşlik etməyəcəm, bu, qeyri-səmimi olar” - MÜSAHİBƏ

Müsahibə
18 May 2025 11:39
58
Ehtiram Quliyev: “Desəm ki, finalda “Qarabağ”a azarkeşlik etməyəcəm, bu, qeyri-səmimi olar” - MÜSAHİBƏ

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin Futbolxeber.az-a müsahibəsi

- Sona 1 tur qalmış “Turan Tovuz”un çempionatı 4-cü yerdə bitirəcəyi dəqiqləşdi. Mövsümü komandanız üçün necə dəyərləndirirsiniz?

- Mövsümü möhtəşəm dəyərləndirirəm. Sona 1 tur qalmışa qədər bürünc medal uğrunda mübarizəmizi davam etdirdik. Çempionat başlayanda hədəflədiyimiz, xəyalını qurduğumuz dördüncü yeri tuta bildik. Bunlar hamısı azarkeşlərimizin, oyunçularımızın zəhməti hesabına ərsəyə gəldi. Az büdcə ilə buna nail olduq. Mövsüm boyu zədəlilərimiz həddindən artıq çox oldu. Bəlkə daha yaxşı nəticə mümkün idi. Amma 36 turluq yarışda hər şey ədalətlidir. Birinci yerin sahibi də, ikinci yer də, üçüncü yer də, dörd də, beş də. Bütün bunlar təsadüfi deyil. Böyük bir yarışın sonunda əldə etdiyimiz nailiyyətdir. Ona görə də bütün azarkeşlərimizi təbrik edirəm.

- “Turan Tovuz”un məqsədi dördüncü yeri tutmaq idi, yoxsa avrokuboklara vəsiqə?

- Son illərdə həmişə çempionatda ilk 4 yeri tutan komandalar Avropaya gedib. Ona görə də baş məşqçi ilə transfer görüşlərimizdə, bu haqda daha əvvəl də demişəm, sual verdim ki, 4-cü ola bilərikmi? O isə sakit durdu. Mən elə başa düşdüm ki, Berdıyev sualımı başa düşmədi. Ona görə 5-10 dəqiqədən sonra yenidən sualımı təkrarladım. O bildirdi ki, bu nəticəni əldə edərik. Qarşımıza daha böyük hədəflər qoyun. Lakin biz realist düşünürdük. İmkanlarımızı, gücümüzü bilirdik. Avropaya gedib-getməmək bizim əlimizdə deyil.

- Məhz bu məqamı nəzərə alaraq, finalda “Qarabağ”a azarkeşlik edəcəyinizi düşünmək olar?

- Hər zaman suallarınızı səmimi cavablandırmışam, indi də səmimi olacam, bəli, finalda “Qarabağ”a azarkeşlik edəcəm. Üzücüdür, kaş ki özümüz öz taleyimizi həll edərdik. Amma bu gün desəm ki, finalda “Qarabağ”a azarkeşlik etməyəcəm, bu, qeyri-səmimi olar. Qismət.

- Kurban Berdıyevin fəaliyyətindən nə dərəcədə razısınız?

- Çox razıyam. Müqaviləmiz var və o, klubdakı fəaliyyətini davam etdirəcək.

- Artıq indidən gələn mövsüm üçün hədəfləriniz müəyyənləşib?

- Gələn mövsüm üçün hədəfimiz builki nəticələrimizi daha da yaxşılaşdırmaq olacaq. Yenə də avrokuboklar uğrunda mübarizə aparacağıq.

- 12 komandalı çempionatdan gözləntiləriniz nə olacaq?

- Gələn mövsüm daha çətin olacaq. Ona görə proqnoz vermək asan deyil. Təcrübəmiz yoxdur, nələrlə qarşılaşacağımızı bilmirik. İnşallah ümid edirik ki, hər şey yaxşı olar.

- AFFA “Karvan” və “İmişli”yə görə 10 klubun hər birinə ayrılmalı olan 3 milyondan 500 min manat kəsəcək. Bunun “Turan Tovuz”a nə dərəcədə təsiri olacaq?

- Bu məqam nəinki “Turan Tovuz”a, bütün komandalara təsir edəcək, o cümlədən də bizə. İstəməzdim belə olsun, amma məcburuq ki, buna uyğun büdcəmizi formalaşdıraq.

İdman.biz