“Rəqib bizə qarşı dəfələrlə hörmətsizlik etdi”.
Bunu İdman.biz-ə “Ağdaş”ın futbolçusu Səbuhi Ağayev deyib.
O, Azərbaycan çempionatının II Liqasında XXV turun “Dinamo” ilə oyunda baş verən qalmaqaldan danışıb. Ağayev bildirib ki, matçda bir sıra problemlər yaşanıb: “Bundan öncə “Dinamo” ilə üç dəfə qarşılaşmışıq. Üçündə də biz qalib gəlmişik. Bu görüşlərin heç birində rəqibə qarşı hörmətsizlik etməmişik. Ancaq onlar dünən həm meydanda, həm də meydandan kənarda bizə hörmətsizlik etdilər. Əvvəlcə geyinib-soyunma otağının qapısını təpiklədilər, daha sonra rəqibin 7 nömrəli futbolçusu komanda yoldaşıma qarşı təxribat xarakterli hərəkətlər elədi. Qırmızı vərəqəyə gəldikdə isə həmin vaxt topu cərimə zərbəsindən oyuna daxil etməyə hazırlaşırdım, rəqib imkan vermədi. Hesabda geridə olduğumuz üçün əsəblərimiz çox gərgin idi, heç bilmədim, nə oldusa həmin hadisə baş verdi”.
34 yaşlı müdafiəçi AFFA-nın İntizam Komitəsi tərəfindən təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb. Onun sözlərin görə, bu qədər ağır cəza gözləməyib: “Apellyasiya ilə bağlı rəhbərlik qərar verəcək. Mən orada rəqibi nə döymüşəm, nə də vurmuşam. Sadəcə yaxalaşdıq, vəssalam”.
Qeyd edək ki, Ağayevin təcavüzkar davranışına görə “Ağdaş” klubu AFFA-nın İntizam Komitəsi tərəfindən 300 manat cərimə də olunub.
Aytac Sahəd
İdman.biz