Oktyabrın 24-də Bakıda futbolçular arasında tarixdə ilk dəfə təşkil olunacaq U-15 dünya çempionatı və FIFA festivalı start götürəcək.
İdman.Biz-in məlumatına görə, son məlumatlara əsasən, turnirdə 189 ölkənin nümayəndələri iştirak edəcək, oyunların ümumi sayı isə minə yaxın olacaq.
Lakin bu möhtəşəm rəqəmlərin arxasında bəzən idman nəticələrindən daha çox məna daşıyan hekayələr dayanır. İştirakçılardan bəziləri üçün Azərbaycana səfər həyatlarında ilk təyyarə səyahəti, digərləri üçün uşaqlıq arzularının gerçəkləşməsi, bir başqaları üçün isə ailənin futbol ənənələrini davam etdirmək imkanı olacaq.
FIFA-nın, milli federasiyaların və xarici KİV-lərin materiallarını araşdırarkən Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyə hazırlaşan gənc futbolçuların bir sıra qeyri-adi və duyğulu hekayələrini müəyyənləşdirmək mümkün olub.
Lesoto: ilk təyyarə uçuşu və böyük arzulara doğru ilk addım
Ən təsirli hekayələrdən biri, şübhəsiz ki, Lesoto yığması ilə bağlıdır. Afrikanın cənubunda yerləşən kiçik, dağlıq ölkədən olan 14 yeniyetmə üçün Bakıya səfər, çox güman ki, ömürləri boyu xatırlayacaqları bir hadisəyə çevriləcək.
Lesoto 1964-cü ildən FIFA-nın üzvüdür. Bununla belə, indiyədək ölkənin heç bir milli komandası təşkilatın himayəsi altında keçirilən dünya səviyyəli turnirlərdə iştirak etməyib. Tarixi debüt məhz Azərbaycanda baş tutacaq.
Bu hekayəni daha da təsirli edən məqam var. Lesotoda gənc futbolçuların inkişafı ilə məşğul olan yeni zelandiyalı mütəxəssis Sem Smitin sözlərinə görə, onun yetirmələrindən bəziləri üçün Bakıya səfər ilk təyyarə uçuşu olacaq. Oyunçuların və nümayəndə heyətinin üzvlərinin əksəriyyəti üçün bu, ümumiyyətlə, belə uzaq məsafəyə ilk səyahətlərdən biridir.
Bu yeniyetmələrin dünya çempionatına gedən yolu dağ kəndlərindən başlayıb. Məşqçilər istedadlı uşaqları tapmaq üçün Lesotonun müxtəlif bölgələrini gəzib, bəzən dəniz səviyyəsindən bir neçə min metr yüksəklikdə yerləşən ərazilərə qalxıblar. Seçimlərdə yüzlərlə gənc futbolçu iştirak edib.
Smit ümid edir ki, bu səfər yetirmələrinə təkcə meydanda daha da güclənmək deyil, həm də tamamilə yeni bir dünya kəşf etmək, başqa mədəniyyətlərlə tanış olmaq və öz imkanlarına inanmaq fürsəti verəcək.
Avstraliya: küçə futbolundan Azərbaycanla qarşılaşmayadək
Daha bir maraqlı hekayə Azərbaycan yığmasına qarşı meydana çıxacaq 15 yaşlı Mark O'Konnorla bağlıdır.
Avstraliya millisinin gələcək üzvü futbol oynamağa Darvin küçələrində dostları ilə adi oyunlar keçirməklə başlayıb. Bir gün atası onu yerli kluba yazdırıb. Həmin vaxt o, bir neçə ildən sonra oğlunun dünya çempionatında ölkəsini təmsil edəcəyini heç ağlına da gətirmirdi.
Mark əvvəlcə Greater Palmerston United və Mindil Aces komandalarında çıxış edib, daha sonra isə Darwin Olympic klubuna keçib. O, Avstraliyanın əsas futbol mərkəzlərindən uzaqda yerləşən Şimal Ərazisində böyüyüb.
O'Konnorun öz sözlərinə görə, milliyə dəvət alması onu sözün əsl mənasında heyrətə gətirib. Yeniyetmə əvvəlcə baş verənlərə inanmaqda çətinlik çəkdiyini etiraf edib.
Məşqçilər onun yalnız futbol bacarıqlarını deyil, xarakterini də xüsusi qeyd edirlər. Fiziki göstəriciləri o qədər də böyük olmasa da, Mark mübarizədən yayınmır və rəqiblərlə sərt toqquşmalardan sonra yenidən ayağa qalxaraq mübarizəni davam etdirir.
Gənc futbolçunun kumiri “Liverpul”un sabiq kapitanı Stiven Cerrarddır. İndi isə Mark özü beynəlxalq arenada çıxış etmək imkanı qazanıb.
Bu hekayəni xüsusilə maraqlı edən məqam Avstraliya yığmasının Azərbaycanla qarşıdakı görüşüdür. Komandalar oktyabrın 25-də saat 19:30-da Hövsan İdman Kompleksinin 10A nömrəli meydanında üz-üzə gələcəklər.
Azərbaycan yığmasının qrupdakı digər rəqibləri Andorra, Haiti, İsrail və Şərqi Timor komandalarıdır.
Kuk adaları: İtaliya ilə qarşılaşmaq üçün dünyanın o başından Bakıya
Kuk adalarından olan yeniyetmələr üçün dünya çempionatı hələ ilk oyundan xeyli əvvəl başlayıb. Onların turnir macərası bir neçə ölkədən keçən uzun səyahətlə start götürüb. Oktyabrın 19-da gənclər yığması Rarotonqa adasını tərk edərək Avstraliyanın Brisben şəhəri və Dubay üzərindən Bakıya yola düşüb.
Sakit okeanda yerləşən kiçik ada ölkəsi üçün FIFA-nın belə mötəbər turnirində iştirak futbolun inkişafı baxımından mühüm hadisədir. Üstəlik, komandanın rəqibləri kifayət qədər güclüdür.
Qrup mərhələsində ada təmsilçiləri İtaliya, Benin, Honkonq, Qətər və Türkmənistan yığmaları ilə qarşılaşacaqlar.
Kuk Adaları Futbol Assosiasiyasının prezidenti Qrover Harmon bu səfəri gənc nəsil üçün unikal fürsət adlandırıb. O, İtaliya kimi futbol ölkəsi ilə qarşılaşmağın özü-özlüyündə yeniyetmə oyunçular üçün müstəsna təcrübə olduğunu vurğulayıb.
Vətənlərində komandanı ailələri, dostları və yerli azarkeşlər diqqətlə izləyəcəklər. Sakit okeanın kiçik adalarında futbol oynayan bu yeniyetmələr üçün Bakı məşhur Avropa akademiyalarının yetirmələri ilə eyni meydanda çıxış etmək imkanı yaradacaq.
Barbados: bütün ölkə yeniyetmələri dünya çempionatına yola saldı
Daha bir duyğulu hekayə Karib hövzəsindən gəlib. Oktyabrın 19-da Barbados yığması Panama və Türkiyə üzərindən Azərbaycana yola düşüb. Bu, ölkənin futbol üzrə milli komandasının FIFA dünya çempionatında ilk iştirakı olacaq.
Yola salınma mərasimində futbol federasiyasının nümayəndələri, oyunçuların yaxınları və rəsmi şəxslər iştirak ediblər. Onların arasında komandaya daxil edilən oğlu Brentə dəstək olmaq üçün şəxsən mərasimə gələn nazir Maykl Ləşli də olub.
Queen's College məktəbinin şagirdi, yığmanın 15 yaşlı kapitanı Danari Qriffit vətənini təmsil etmək fürsətinin onda böyük həyəcan və minnətdarlıq hissi yaratdığını bildirib. Onun sözlərinə görə, komanda bu an üçün səylə hazırlaşıb, baxmayaraq ki, bəzi futbolçuların turnir öncəsi həyəcan keçirməsi tamamilə təbiidir.
ABŞ-da da çalışmış baş məşqçi Stefan Kinq də Bakıya səfəri məşqçilik karyerasının ən əlamətdar hadisələrindən biri adlandırıb.
Barbados İspaniya, Çili, Konqo Demokratik Respublikası, Küveyt və Tacikistan yığmaları ilə eyni qrupa düşüb. Beləliklə, turnirin elə ilk mərhələsində Karib hövzəsindən olan gənc futbolçular dünyanın ən güclü futbol məktəblərindən birinin yetirmələri ilə qarşılaşaraq özlərini sınamaq imkanı əldə edəcəklər.
Filippin: əfsanəvi futbolçunun qardaşı oğlu ailə ənənəsini davam etdirmək istəyir
14 yaşlı Natan Kaliqdonq üçün Bakıda çıxış etmək təkcə şəxsi arzusunun gerçəkləşməsi deyil, həm də ailəsinin futbol tarixini layiqincə davam etdirmək deməkdir.
Onun əmisi Çiffi Kaliqdonq Filippin millisinin sabiq futbolçusudur. O, 2004–2013-cü illərdə milli komandanın heyətində 16 qol vurub.
Natan İloilo əyalətinin futbol ənənələri ilə tanınan Barotak-Nuevo bələdiyyəsində böyüyüb. O, bu ilin mayında U-16 milli çempionatında parlaq çıxışı ilə diqqət çəkib. Gənc futbolçu komandasının 10:0 hesabı ilə qalib gəldiyi yarımfinal matçında dörd qol vurub.
Oyundan sonra yeniyetmə məşhur qohumunun yolunu davam etdirməkdən məmnun olduğunu bildirib. Uğurunun sirrini isə sadə şəkildə izah edib: intizam, düzgün rejim və futbola sədaqət.
Oktyabrın 22-də Filippin Futbol Federasiyası Kaliqdonqu Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək 14 futbolçudan ibarət yekun heyətə rəsmən daxil edib.
CAR: məşhur məşqçinin oğlu atasının kölgəsindən çıxmağa hazırlaşır
Turnirdə diqqət çəkə biləcək futbolçulardan biri də Cənubi Afrikanın ən titullu məşqçilərindən Pitso Mosimanenin oğlu, 15 yaşlı Reatlegile Mosimanedir. Onun atası CAF Çempionlar Liqasının üçqat qalibidir.
Gənc futbolçu Cənubi Afrikanın “Kayzer Çifs” klubunun akademiyasında məşq edir və artıq avropalı skautların diqqətini cəlb etməyi bacarıb.
Ötən il ona xarici ölkələrdə baxış məşqlərində iştirak etmək üçün dəvətlər gəlib. 2026-cı ilin mayında isə atası İspaniya La Liqasında çıxış edən klublardan birinin oğluna maraq göstərdiyini açıqlayıb.
Bununla belə, Pitso Mosimane oğlunun irəliləməsi üçün şəxsi əlaqələrindən istifadə etmədiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, skautlar gənc hücumçunu oyunlardakı çıxışları sayəsində fərq ediblər.
“AƏl-Əhli”nin sabiq baş məşqçisi olmasına və məşhurluğuna baxmayaraq, Pitso Mosimane oğlunun oyunlarına müntəzəm olaraq adi azarkeş kimi gəlir.
Oktyabrın 9-da “Kayzer Çifs” Reatlegile Mosimanenin Azərbaycana səfərə hazırlaşan Cənubi Afrika Respublikasının gənclər yığmasının heyətinə daxil edildiyini rəsmən açıqlayıb.
İngiltərə: ingilis futbolundan uzaqda yetişən futbolçu
İngiltərə yığmasının müdafiəçisi Pirs Pinnokun da qeyri-adi hekayəsi var. O, İngiltərədə doğulsa da, futbol hazırlığının demək olar ki, bütün mərhələlərini Portuqaliyada keçib. Hələ 2018/2019 mövsümündə, uşaq yaşlarında olarkən, Lissabonun “Benfika” klubunun akademiyasına qəbul edilib.
2025-ci ilin noyabrında Portuqaliya klubu onunla futbolçu hazırlığına dair müqavilə bağladığını açıqlayıb. Həmin vaxta qədər müdafiəçi artıq “Benfika” sistemində səkkizinci mövsümünü keçirirdi.
Bir ay sonra Pinnok İngiltərənin gənclər yığmasında debüt edib və İslandiya ilə oyunda qol vurub.
Oktyabrın 21-də İngiltərə Futbol Assosiasiyası Bakıda keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlayıb. Siyahıya Portuqaliya klubunun yetirməsi də daxil edilib.
Beləliklə, Bakı meydanlarında İngiltərə yığmasını futbol bacarıqları erkən yaşlarından Portuqaliyanın ən tanınmış akademiyalarından birində formalaşmış oyunçu təmsil edəcək.
Esvatini: əliboş gedib, uğurlarla qayıtmaq arzusu
Kiçik futbol ölkələrinin qarşıdakı dünya çempionatına münasibətini əks etdirən daha bir hekayə Esvatini yığması ilə bağlıdır.
Bir neçə gün əvvəl komandanın Bakıya yola düşməsi ərəfəsində ölkənin futbol federasiyası təntənəli yolasalma mərasimi təşkil edib. Yeniyetmələrə hökumət və futbol rəhbərliyinin nümayəndələri dəstək göstəriblər.
Komandanın kapitanı Sisekelo Şonqvenin çıxışı xüsusilə duyğulu olub.
“Ölkəmizdən əliboş gedirik, amma geri nəsə qazanaraq qayıtmaq istəyirik. Mükafatlar uğrunda mübarizə aparmağa gedirik və hər oyunda bütün gücümüzü ortaya qoyacağımıza söz veririk”, – deyə gənc futbolçu bildirib.
Federasiyanın prezidenti Piter Simelane oyunçuları heç kimdən çəkinməməyə və gələcəklərini dəyişə biləcək bu fürsətdən yararlanmağa çağırıb. Onun sözlərinə görə, turnirdə istedadlı yeniyetmələrə diqqət yetirə biləcək skautlar da iştirak edəcəklər.
Bakı – böyük arzuların başladığı məkan
Bütün bu hekayələri təkcə futbol birləşdirmir. Bəzi yeniyetmələr üçün dünya çempionatı həyatlarının ilk böyük səyahəti, digərləri üçün isə istedadın planetin ən ucqar guşələrində belə yetişə biləcəyini sübut etmək fürsəti olacaq.
FIFA da yeni turnirlə məhz bu məqsədi qarşıya qoyub. Təşkilatın qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Venger daha əvvəl vurğulayıb ki, istedad hər yerdə var, lakin hər gənc futbolçu beynəlxalq arenada özünü sınamaq imkanı əldə etmir.
Oktyabrın 24-dən 30-dək Bakı dünyanın müxtəlif ölkələrindən gələn minlərlə yeniyetmənin böyük futbol uğurlarına doğru ilk addımlarını ata biləcəyi məkana çevriləcək.
Bəlkə də, illər sonra dünya futbolunun gələcək ulduzlarından bəziləri beynəlxalq karyeralarının məhz Azərbaycanda başladığını xatırlayacaqlar.
