90+3-cü dəqiqədə fərqlənməklə "İnter"i "Barselona"ya uduzmaqdan xilas edən (3:3) və oyunun onlar üçün uğurlu keçən əlavə vaxtda (4:3) davam etməsinə səbəb olan Françesko Açerbi karyerası ərzində avrokuboklarda 66-cı matçında ilk qolunu vurub.
İdman.biz xəbər verir ki, 37 yaşlı mərkəz müdafiəçisi həmçinin bu mövsüm ilk qoluna imza atıb.
"İnter"də ilk mövsümündə icarə əsasında oynayan Açerbi 2022-ci ildən Milan klubunun şərəfini qoruyur.
O, daha çox "Sassuolo" (2013-2018) və "Latsio"dakı (2018-2022) çıxışları ilə tanınır. 2012/13 mövsümündə ümumilikdə 10 matçda "Milan"ın da formasını geyinib. 2013/14 mövsümü ərzində isə xərçəng xəstəliyindən müalicə alıb.
2014-2023-cü illərdə İtaliya millisində 34 oyunda 1 qol vuran Açerbi AVRO-2020-nin də qalibi olub.
İdman.biz