“Barselona”nın ulduzu: "İtaliya millisindən gələn təklifi qəbul etməyə yaxın idim"

Xəbərlər
6 May 2025 15:23
37
“Barselona”nın ulduzu: "İtaliya millisindən gələn təklifi qəbul etməyə yaxın idim"

"İtaliya millisindən gələn təklifi qəbul etməyə yaxın idim".

İdman.biz xəbər verir ki, bu sözləri “Barselona”nın ulduzu Rafinya deyib.

"La Gazzetta dello Sport"a əsasən, İtaliya Futbol Federasiyası (FIGC) 2021-ci ildə Braziliya yığmasında debüt etməzdən əvvəl Rafinyanı 2020-ci ildə İtaliya millisində oynamağa razı salmaq üçün "güclü cəhdlər" edib.

Bu barədə danışan Rafinya İtaliya komandasının əslən braziliyalı yarımmüdafiəçisi Jorjinyonun onu təklifi qəbul etməyə razı salmağa çalışdığını da bildirib.

28 yaşlı futbolçu 2020-ci ildən Premyer Liqada, "Lids Yunayted"də çıxış edirdi və "Barsa"ya 2022-ci ilin yayında keçib.

Rafinya italyan kökləri olan atası Rafael Diaz Belloli sayəsində İtaliya millisində oynamaq hüququna malik idi.

İtaliya pasportuna da sahib olan forvard beynəlxalq arenada Braziliyanı təmsil etməsinə baxmayaraq, "Barselona"da Avropa İttifaqı üzvü olmayan ölkənin futbolçusu hesab edilmir.

"Barselona"nın direktoru Deko da FIGC-nin Rafinyanı İtaliya komandasına cəlb etmək üçün cəhdlər etdiyini təsdiqləmişdi.

Rafinya təklifi qəbul etsəydi, Roberto Mançininin rəhbərlik etdiyi komandada yeganə italyan-braziliyalı olmayacaqdı: Braziliya kökləri olan Jorginho, Emerson Palmieri və Rafael Toloi 2021-ci ilin yayında AVRO-2020-nin qalibi olan "Azzurri"nin heyətində yer almışdılar.

Rafinya jurnalist İsabela Pagliari ilə müsahibəsində bu mövzu ilə bağlı etiraflar edib: "Onların qalib olduqları Avropa çempionatı-2020-yə gedəcəkdim. Demək olar ki, tam hazır idim. İtaliya millisindən uşaqlar mənə zəng etmişdilər. Jorjinyo ilə həmişə danışırdıq. İtalyanların fantastik təklifi ürəyimcə idi. Amma eyni zamanda, məndə hələ də Braziliya millisinin formasını geyinmək ümidi var idi. Xoşbəxtlikdən İtaliya pasportum vaxtında gəlmədi."

İdman.biz

Məqalədə: