"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" Misli Premyer Liqanın 33-cü turunda "Zirə"yə uduzdu. Həmin matçdakı məğlubiyyətin əsas səbəb nə idi?
- Əslində, biz bu oyuna həftəboyu çox yaxşı hazırlaşmışdıq. "Zirə"nin isə üstün tərəflərini bilirdik. Qolu da elə buraxdıq. Halbuki həmin epizodlara hazırlaşmışdıq. Amma ani diqqətsizlikdə qol buraxdıq. Elə o səhv də uduzmağımıza gətirib çıxardı. Yəni, ani diqqətsizlik məğlubiyyətimizə səbəb oldu.
- Qəribə məqam odur ki, "Turan Tovuz" azlıqda qalan rəqibin qapısı qarşısında epizod yarada bilmirdi. Demək olar ki, "Turan Tovuz"un azlıqda qalan rəqiblərlə görüşdə qol vura bilməməsi B variatının olmamasıdır, yoxsa təzyiqi artıra bilmirsiz?
- "Zirə"nin yaxşı müdafiə olunduğunu bilirdik. Bu, onların üstün tərəflərindən biridir. Meydanda 10 nəfərlə qaldıqdan sonra müdafiəyə daha çox önəm verdilər. Bu da bizim işimizi çətinləşdirdi. Əslində, elə 10 nəfərlə qalan rəqibə qol vurmaq həmişə çətindir. Çünki onlar yalnız müdafiə olunur və öz cərimə meydançasında da çox adam olur. Belə də, qol vurmaq istəyən komandanın işi çətinləşir.
- Artıq "Turan Tovuz" 4-cü pillədədir və 3-cü pillədəki "Araz-Naxçıvan"dan bir az da geri düşdü. Beşinci pillədəki "Sabah"ın da sizə çatmaq imkanı yaradıb. Səncə, sonda vəziyyətiniz necə olacaq?
- Çempionatın sonuna yaxınlaşmışıq. Əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq. Qalan son oyunlara final matçları kimi çıxacağıq. Ondan sonra necə olacağına baxacağıq.
- Növbəti turda rəqib "Neftçi"dir. Rəqibin heç bir iddiası qalmayıb. Onları məğlub etmək mümkün olacaq?
- "Neftçi"yə qarşı çətin oyunun bizi gözlədiyini bilirik. Elə hazırlıqlarımız da bu istiqamətdədir. "Neftçi" ilə matça siz deyən fikirlərlə çıxsaq, onları məğlub edə bilmərik. Hər matça olduğu kimi, bu görüşə də maksimum ciddiyyət və konsentrasiya ilə çıxmalıyıq. Yoxsa, işimizi bir az da çətinləşdirərik.
- Hər halda, "Turan Tovuz" avrokuboklara yollanmaq üçün "Qarabağ"ın kuboku götürməsini gözləməlidir. "Qarabağ" - "Sabah" finalında onlara azarkeşlik edəcəksiz?
- Əlbəttə, "Qarabağ"ın kuboku götürməsi bizim üçün yaxşı olacaq. Amma final bir matçdan ibarətdir. Necə olacağını oyun günü görəcəyik. Allah qoysa, hər şey bizim üçün yaxşı olar.
- Bu mövsüm Kurban Berdiyevin əsas güvəndiyi və komandanın əsas oyunçularından birisən. Yeni sezon Premyer Liqada limit olmayacaq. Berdiyev sənə yenə də güvənəcək?
- Kurban Berdiyevə mənə güvənib, oynamaq şansı verdiyi üçün ona təşəkkür edirəm. Mən də əlimdən gələni edirəm. Çalışıram ki, ümidləri doğruldum. Yeni mövsümdə də hər şey öz əlimdə olacaq. Hansı formada olmağımdan çox şey asılıdr. Əsas heyət üzvü olmaq üçün ən yaxşısına çalışacam. Rəqabətdən heç vaxt çəkinməmişəm. Bu da mənim inkişafım üçün yaxşı olacaq.
İdman.biz