“Qarşımızda istəkli, oyundan çıxmayan, məğlub olmağı xoşlamayan, sınmayan bir komanda vardı”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqanın XXXIII turunda evdə “Sumqayıt”ı 2:0 hesabla məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələb münasibəti ilə futbolçularımı təbrik edib: "Çoxdandır müəyyən səbəblərə görə “Azersun Arena”da oyun olmurdu. Yenidən burada azarkeşləri görmək heç də pis olmadı. Bütün “Qarabağ” camiəsini təbrik edirəm".
Baş məşqçi bildirib ki, sona kimi cəsarətli komandaya qarşı oynayıblar: "Ümumilikdə çox olmasa da xeyli sayda qol epizodları yaşandı. Daha baxımlı oyun ola bilərdi. Ən azından birəbir mübarizələr oldu. Sevimdirici haldır ki, 90 dəqiqə meydanda mübarizə gedir. Məncə, yaxşı oyun keçdi”.
Qurban Qurbanov ötən tur “Sabah”la oyundan sonra Bəhlul Mustafazadə ilə olan məsələyə də münasibət bildirib: "Problemli bir şey yoxdusa, açıqlama vermək artıq olar. Bəhlulla neçə ildi birlikdə işləyirik də, problemimiz yoxdu. Ona görə də açıqlama verməyə ehtiyac görmürəm".
O, "Traktor" klubunu da ilk çempionluğu münasibətilə təbrik edib: "Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq".
İdman.biz