Təmkin Xəlilzadə: “Çatışmazlıqlar üzərində işləyib mundiala tam hazır olmaq istəyirik”

Xəbərlər
2 May 2025 18:01
261
Təmkin Xəlilzadə: “Çatışmazlıqlar üzərində işləyib mundiala tam hazır olmaq istəyirik”

“Yarışlar bizim üçün olduqca yaxşı keçdi”.

Bunu İdman.biz-ə Azərbaycanın minifutbol yığmasının oyunçusu Təmkin Xəlilzadə deyib.

O, komandanın Monteneqro və Slovakiyada keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib. Milli üzvü bildirib ki, 16 gün davam edən hazırlıq məhsuldar keçib: “Dünya çempionatı öncəsi hər iki beynəlxalq turnir bizim üçün yaxşı təcrübə oldu. Monteneqodakı yarışın qalibi olduq, Slovakiyada isə ikinci yeri tutduq. Əslində, Millətlər Liqasının final görüşünə çox yaxşı başlamışdıq. Sonradan hesabda geri düşsək də, özümüzdə güc tapıb 2 qol vura bildik. Ancaq son saniyələrdə ani bir diqqətsizlik ucbatından qapımızda qol gördük. Penalti seriyasında isə məğlub olduq. Hər iki turnirdə qazandığımız təcrübə bizim üçün çox faydalı oldu”.

Xəlilzadə qarşıdan gələn dünya çempionatına hazırlıq prosesindən danışıb: “Heyətlə bağlı fikir bildirə bilmərəm, bu, məşqçi və köməkçilərinə aid olan məsələdir. Ancaq düşünürəm ki, komanda olaraq bu turnirə hazırıq. Üstəlik, hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. 2-3 günlük fasilədən sonra məşqlərimizi bərpa edəcəyik. Çatışmazlıqlar üzərində işləyib mundiala tam hazır olmaq istəyirik”.

31 yaşlı futbolçu hələlik karyerasını bitirməyi düşünmür: “Gələcəklə bağlı planlar qurmağı sevmirəm. Bu gün futboldayam və xoşbəxtəm. Milli komanda və klubum “Birbaşa” ilə çoxlu titullar qazanmaq istəyirəm”.

Qeyd edək ki, Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-ə kimi davam edəcək. Azərbaycan millisinin də mübarizə apardığı A qrupunda Sloveniya, Mavritaniya və Bəhreyn yer alıb.

Aytac Sahəd
İdman.biz