“Biz Premyer Liqada oynamağa layiqik”.
Bunu İdman.biz-ə “Karvan”ın futbolçusu İbrahim Qədirzadə deyib.
26 yaşlı yarımmüdafiəçi Yevlax təmsilçisinin Premyer Liqaya vəsiqəni təmin etməsindən danışıb. O bildirib ki, komandada ab-hava yüksək səviyyədədir: “Lisenziya ilə bağlı məsələlərlə rəhbərlik məşğul olur. Bildiyim qədərilə hələlik bununla bağlı ciddi bir problem yoxdur. Ümid edirəm, hər şey qaydasında gedəcək. Çox sevincliyik. İllərdir ki, “Karvan” Premyer Liqadan uzaq düşmüşdü. Futbolçunun sevinci bir-iki gün çəkir. Bundan sonra dərhal növbəti oyun haqqında düşünməyə başlayırsan. Yevlax azarkeşləri də çox sevinclidir. Premyer Liqaya çıxmağımız münasibətilə bizi təbrik edir, öz dəstəklərini nümayiş etdirirlər”.
Yarımmüdafiəçi komanda olaraq növbəti matça ciddi hazırlaşdıqlarını vurğulayıb: “Hələ mövsüm bitməyib, oyunlarımız davam edir. Turniri daha yuxarı pillədə başa vurmaq istəyirik. Mayın ikisində “Qəbələ” ilə oyunumuz var. Hazırda diqqətimizi bu matça cəmləmişik. Evdə oynayacağımız üçün azarkeşlərimizi sevindirmək istəyirik. Hədəfimiz ikinci yerdir, sonadək bunun üçün mübarizə aparacağıq”.
İyunun sonu “Karvan”la müqaviləsi bitəcək Qədirzadə növbəti mövsümdə də Yevlax təmsilçisinin heyətində çıxış etmək istəyir:
“Mövsüm bitəndən sonra klub rəhbərliyi etimad göstərib təklif etsə, qalıb komandama kömək etmək istəyərəm. Özümü Premyer Liqada oynayacaq gücdə görürəm”.
Qeyd edək ki, “Karvan” I Liqanın XXIII turundan sonra “üçlük”də yerini və Misli Premyer Liqasına vəsiqəni təmin edib.
Aytac Sahəd
İdman.biz