Əli Səmədov: “Mümkünsüz heç nə yoxdur”

Xəbərlər
26 Aprel 2025 15:06
62
Əli Səmədov: “Mümkünsüz heç nə yoxdur”

“Son oyunda soyuqanlılıq, zərbələrdə dəqiqlik çatmadı”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasında XXXII turda “Şamaxı” ilə matç haqqında fikirlərini bölüşüb. O bildirib ki, ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı: “Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik. Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Bu, turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik”.

Səmədovun sözlərinə görə, “Səbail” ilə arada olan 8 xallıq fərq onlarda arxayınlıq yaratmır: “Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir. Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdur. Daha yuxarı yerlərə qalxa bilərik”.

Qeyd edək ki, bu gün Misli Premyer Liqasında XXXII turu çərçivəsində “Kəpəz” “Zirə”ni qəbul edəcək. Matçın start fiti saat 19:00-da səslənəcək.

İdman.biz