Bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında beşinci minifutbol turnirinin açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA, Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yarışın beşinci dəfə təşkil edildiyini xatırladıb:
"Hər bir iştirakçı quruma təşəkkür edirəm. Oyunlar gərgin mübarizə şəraitində keçir. Hər dəfə olduğu kimi yenə maraqlı mübarizə olacaq. Bu turnir idmanın kütləviliyi üçün çox vacibdir".
AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov isə çıxışında iştirakçılara uğurlar arzulayıb:
"Azərbaycanda minifutbola xüsusi diqqət göstərilir. Minifutbol millimiz bu il tarixində ikinci dəfə Avropa çempionu oldu. Hər turnir bu idman növünün inkişafına təkan verir. Yarışa qatılan qurumlara minnətdarıq. Sizin burada iştirakınız birlik nümunəsidir".
Saat 15:00-da başlayan rəsmi açılışın ardınca turnirə D qrupunda ilk turun SOCAR - “Azərenerji” ASC qarşılaşması ilə start veriləcək.
Yarış ümumilikdə dörd qrup üzrə 40 komandanın iştirakı ilə keçirilir.
Qruplar üzrə komandaların bölgüsü aşağıdakı kimidir:
A qrupunda Azərbaycan Respublikasının Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, AZCON Holding, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, AzerGold QSC, Azərbaycan Respublikasının Gənclər Fondu, Hesablama Palatası və Azərişıq ASC mübarizə aparacaq.
B qrupunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Aztelekom MMC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yer alıb.
C qrupunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Televiziya və Radio Verilişləri QSC yarışacaq.
D qrupunda isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bankı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), Azərenerji ASC, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Baş Prokurorluğu, Qiymətləndiricilər Palatası və Azərbaycan Dəmir Yolları QSC təmsil olunur.
