100-cü xal arzusunda

Xəbərlər
18 Noyabr 2024 16:12
82
100-cü xal arzusunda

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçlə qarşılaşacaq.

Solna şəhərində baş tutacaq matç komandamızın tarixində 305-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 304 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 79 heç-heçəyə nail olub və 164 dəfə uduzub. Əvvəlki 303 qarşılaşmada 235 qol vuran futbolçularımız 505 top buraxıb.

Bu, millinin rəsmi turnirlər çərçivəsində 166-cı oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 165 matç keçirən komandamız 21 qələbə qazanıb, 34 heç-heçə edib və 110 dəfə xalsız qalıb. 101 qol vuran millimiz 329 dəfə top buraxıb. Bu turnirlərdə aktivinə 97 xal yazan komanda pley-offa vəsiqə üçün zəruri olan qələbəni əldə etsə, bu rəqəmi “100”ə çatdıracaq.

Azərbaycan yığması Millətlər Liqasında 24-cü görüşünü keçirəcək. 6 qələbə və 8 heç-heçəsi olan komandamız 9 dəfə uduzub. 19 qola sevinən futbolçularımız 25 dəfə topu öz qapısında görüblər.

Səfərdəki matç Fernandu Santuşun baş məşqçi postunda 6-cı sınağı olacaq. İsveç, Estoniya və Slovakiyaya eyni - 1:3, sonuncularla ilk matçda isə 0:2 hesabı ilə uduzan portuqaliyalının yetirmələri yeganə xalını Baltikyanı ölkə təmsilçisindən alıblar - 0:0. 1 heç-heçəsi olan və 4 məğlubiyyət alan komanda 3 qol vurub, 11 topa üzülüb.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: