Rəşad Sadıqov: "Çox vacib oyunda məğlub olduq"

Xəbərlər
6 Noyabr 2024 21:57
124
Rəşad Sadıqov: "Çox vacib oyunda məğlub olduq"

"Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 3-cü turunun təxirə salınmış oyununda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı məğlubiyyəti şərh edib: "Birinci hissədə üstünlük biz tərəfdə idi. Rəqib daha çox oyunu əks-hücumlarda qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu. Amma rəqibin müdafiə xəttini yara bilmirdik. Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var. Təəssüflər olsun ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq. Üç gün sonra "Qarabağ"la səfər matçımız var. Bəzi epizodlarda konsentrasiya itkisi olur. Xüsusilə də bu il standart vəziyyətlərdə çox qollar buraxmışıq. "Zirə"də olduğum 4 ildə belə vəziyyətlərdən az qol buraxırdıq. Həftənin bir gününü standart vəziyyətlərə həsr edirik. Oyunçularımız ona tapşırılan rəqib futbolçunu tutmurdu. Səbəbini araşdıracağıq.

Qeyd edək ki, "Zirə" 12 oyundan sonra 20 xalla 4-cü pillədə qərarlaşıb.

İdman.biz