"Komandada atmosfer çox yaxşıdır".
İdman.biz xəbər verir ki, bunu “Dunayska Streda”nın futbolçusu Kristian Qerz deyib.
Slovakiyalı yarımmüdafiəçi “Zirə” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib. O bildirib ki, ilk oyunu səbirsizliklə gözləyir: “Zirə” çox keyfiyyətli komandadır. Bizi çətin oyun gözləyir. Amma bizdə də keyfiyyətli futbolçular var. Sabah ilk dəqiqədən son dəqiqəyə qədər mübarizə aparacağıq. Keçən mövsümün sonunda yaxşı nəticələr qazandıq. Bunu komanda ruhuna bağlayırıq. Təlim-məşq toplanışında da eyni ruhda hazırlaşmışıq. Sabahkı oyunda rəqibin müdafiəsində boşluqlar tapıb ondan istifadə etməyə çalışacağıq".
Qertz ötən mövsümün komandanın Avrokuboklardakı uğursuz çıxışından da danışıb: “Müsbət dönəm deyildi. Komandada pis atmosfer var idi. Uğursuz nəticə mövsümün əvvəli ilə bağlıdır. Mən o vaxt komandaya gec qoşulmuşdum. Onda heyətdə olsa idim, daha yaxşı ola bilərdi. İndi isə mühit çox yaxşıdır”.
Yarımmüdafiəçi Azərbaycan futbolu ilə bağlı bildiklərindən də söz edib: “Slovakiyanın 21 yaşadək yığmasının heyətində Azərbaycana qarşı oynamışam. Bundan başqa, əsas komanda ilə də oyunumuz olub. Hər 2 matç Bakıda “Dalğa Arena”da keçirilmişdi. U-21-də olarkən 1:2 məğlub olsaq da, əsas millidə 1:0 qalib gəldik. Azərbaycanlı futbolçulardan Renat Dadaşovla "Qrasshoppers"də birlikdə çıxış etmişəm. Həm futbolçu həm də insan kimi çox yaxşıdır. Yaxın dost olmuşuq. Mütəmadi olaraq danışırıq”.
Qeyd edək ki, “Zirə” – “Dunayska Streda” oyunu sabah saat 20:30-da start götürəcək.
Emin Ağa
İdman.biz