“Qarşıda bizi Konfrans Liqasının II təsnifat mərhələsində İslandiyanın “Vikinqur” klubuna qarşı 2 çətin oyun gözləyir. Ümid edirəm ki, mərhələ adlayan tərəf biz olacağıq”.
Bunu İdman.bizə Albaniyanın “Eqnatiya” klubunda çıxış edən azərbaycanlı futbolçu Zamiq Əliyev deyib.
Müdafiəçi yeni klubunda Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Borak” (0:1, 2:2) klubuna qarşı oyunda debüt edib. O, debütünü dəyərləndirib: “Təəssüf ki, mərhələni adlayan tərəf biz olmadıq. Evdə oynadığımız cavab matçında qələbə qolunu vurmaq üçün kifayət qədər şansımız olsa da bunu bacarmadıq. Toparlanıb qarşıdakı oyunlara hazırlaşacağıq. İlk rəsmi matçımın Çempionlar Liqasının təsnifat mərhələsində olması mənə əlavə motivasiya verdi və xoş hisslər yaşatdı. Hədəflərim böyükdür. Belə oyunlar hədəfə gedən yolda ilk addımlarımdır və mənim üçün böyük təcrübədir”.
Əliyev komandadakı abu-hava və azarkeşlərin ona olan münasibətindən də danışıb: “Eqnatiya” azarkeşlərinin mənə qarşı münasibəti əladır. Dəstəklərini məndən əsirgəmirlər. Komandaya tam olaraq alışmışam. Mehriban kollektivimiz var. Hamı bir-birinə dəstək olur. Özümü burda rahat hiss edirəm”.
Qeyd edək ki, Zamiq Əliyev “Eqnatiya”nın heyətində çıxdığı hər 2 rəsmi oyunda sona qədər meydanda olub.
Emin Ağa
İdman.biz