"Mərhələ keçmək şansı hər zaman var. Əsas odur ki, rəqibi yaxşı təhlil etsinlər".
Bunu İdman.bizə veteran futbolçu Əfran İsmayılov deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirib. "Qarabağ"ın formasını geyindiyi zaman "Zirə"nin rəqibi "Şerif"ə qarşı oynayan İsmayılovun sözlərinə görə, Rəşad Sadıqovun komandasına inanır: "Şerif" yetəri qədər təcrübəli rəqibdir. "Qarabağ"da oynadığım zaman biz onları çətinliklə keçmişdik. Həmin vaxtdan da inkişafları dayanmır. Büdcələri artıb, yaxşı futbolçuları var. Yadımdadır, Bakıda hesab açılmasa da, səfərdə 2:1 qalib gəlib çətinliklə mərhələ adlamışdıq. Amma inanıram ki, "Zirə" onlara qarşı laiqli şəkildə mübarizə aparacaq. Rəşad Sadıqovun komandası Avropa Liqası üçün çalışırdı. Bunu da bacardılar. Moldovalılar nə qədər də çətin rəqib olsalar da, "Zirə"nin gücünü göstərib mərhələni adlayacağına inanıram".
Qeyd edək ki, "Zirə" "Şerif"ə qarşı ilk oyununu iyulun 11-də səfərdə keçirəcək. Cavab qarşılaşması iyulun 18-də Bakıda baş tutacaq.
Emin Ağa
İdman.biz