Anatoli Ponomaryov Azərbaycanda işləmək istəyir: “Niyə də olmasın?” - VİDEO

Müsahibə
24 May 2024 17:58
545
Anatoli Ponomaryov Azərbaycanda işləmək istəyir: “Niyə də olmasın?” - VİDEO

“Futbolçularımızla işləməyə çalışırıq. Məndə azərbaycanlı oyunçular elə də çox deyil”.

Bunu “İdman Bizimlə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

Menecer fəaliyyəti ilə məşğul olan 41 yaşlı veteran legioner həyatı yaşayan futbolçularımızın niyə az sayda olmasının səbəblərini açıqlayıb: “Düşünürəm ki, ilk növbədə təcrübə çatmır. Artıq neçə illərdir ki, az sayda futbolçularımız xaricdə çıxış edirlər. Əvvəllər legioner həyatı yaşayanlar da elə çox olmayıb ki, hansısa tövsiyələrini, təcrübələrini bölüşə bilsinlər. Bu da məlum məsələdir. Sən evdəsən. Tanış mühitdəsən. Ancaq xaricdə çətinlik ondan ibarətdir ki, orada təksən. Digər əcnəbilər müxtəlif komandalarda bir neçə həmvətəni ilə rastlaşır. Götürək, Musanı. Qurbanlı İsveçdə təkdir. Amma braziliyalıların sayı 20-dən də çoxdur. Ünsiyyət dairəsi genişdir. Agentlər gərək bu barədə düşünsünlər. Xaricdə futbolçularımıza mentorlar lazımdır. Özünü reklam üçün demirəm. Bu, vacib amildir”.

Ponomaryov bildirib ki, təklif olarsa Azərbaycanda çalışmaq istəyər: “Atam da buradadır. Bura onun Vətənidir. Azərbaycan mənim də Vətənimdir. Millinin oyunçusu olmuşam. Düzdür, burada doğulsam da, burada böyüməmişəm. Atamın isə bütün gəncliyi Azərbaycanla bağlıdır. İndi o, “Sabah” klubunda çalışır. Mənim burada ailəm, çoxlu dostlarım var. Təbii ki, futbolumuzun inkişafı üçün nəsə köməklik göstərmək istərdim. Fərqi yoxdur, hər hansısa klub olsun və yaxud menecer kimi futbolçularımızın Avropaya karyeralarını artırılmasına töhfə vermək istəyirəm. Niyə də olmasın?”.

Emin Ağa
İdman.biz