Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO

Müsahibə
15 May 2024 17:08
233
Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO

“Bizə heç kim say artımı və ya hansısa bir şəkildə “Qəbələ”yə güzəştlə bağlı rəsmi nəsə deməmişdi”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Funksioner bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında veriləcək bütün qərarlara hazır olublar: “Nəticələrə, idman prinsiplərinə görə sonuncu yer tutduğumuz üçün Premyer Liqanı tərk edəcəyimizi bilirdik. Amma ehtimal var idi ki, 12 komanda olsa infrastruktur və şəraitə görə bizə güzəştə getsinlər. Hər halda bunun olmamasının da bir sıra səbəbləri var. Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur. Artıq 2 mövsümdür ki, Premyer Liqanı sonuncu yeri tutan klub tərk edir. Bəlkə də Azərbaycan futbolunun inkişafı burdan başlayır”.

Səfiyarlının sözlərinə görə, qərar bütün heyətdə məyusluq yaradıb: “Hamımız təəssüf edirik ki, belə oldu. Mövsümün əvvəlində buraxdığımız bəzi səhvlər, uğursuz oyunlar və hakimlərin bizə qarşı haqsız verdiyi qərarlar buna səbəb oldu. 50-nin 50-yə olan epizodlarla bağlı bütün qərarlar əleyhimizə verilib. Heç bir epizodda xeyrimizə səhv olmayıb. Belə hallar bu nəticəyə gətirib çıxardı. Araşdırmışıq, səbəbləri də bilirik və lazımi nəticələri çıxarmışıq. “Qəbələ” və azarkeşləri adına nəticə üzücüdür. Amma həyat yenə də davam edir. “Qəbələ”nin gələn mövsüm I Liqada mübarizə aparmağı turniri daha da maraqlı edəcək. Qarşımıza qoyduğumuz məqsəd 1 mövsümdən sonra Premyer Liqaya qayıtmaqdır”.

Emin Ağa
İdman.biz