Finalda 7 qol və yeni çempion – “Günəşli” - FOTO - VİDEO

Xəbərlər
9 May 2024 14:03
Finalda 7 qol və yeni çempion – “Günəşli” - FOTO - VİDEO

Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın həlledici matçları Bakı Tennis Akademiyasında baş tutub.

Öncə bürünc medalçının adına aydınlıq gəlib. “Biləcəri” və “Mərdəkan” komandaları arasında qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə bitib. Qalib penaltilər seriyasın dəqiqiqləşib. “Lotoreya”da daha dəqiq olan “Mərdəkan” 3:1 hesabı ilə qələbə qazanaraq, bürünc medala sahib olub.

Ardınca - finalda öncə turnirdə iştirak edən komandaların paradı keçirilib. Daha sonra Dövlət Himni səsləndirilib. Bədii hissədə gimnastların iştirakı ilə müxtəlif hərəkətlərdən ibarət performanslar nümayiş olunub və “Dərviş Band”ın ifası səsləndirilib.

Finalı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, AFFA-nın baş katibi Sərxan Hacıyev, idman səfiri İlqar Qurbanov yer alıb.

“Qarabağ”ın futbolçusu Toral Bayramov, “Qəbələ”nin oyunçusu Emil Səfərov da azərkeşlərinə imzalı avtovqraflar təqdim ediblər.

Finalda “Aşağı Güzdək” və “Günəşli” komandaları qarşılaşıblar. Görüşdə ikincilər 7:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yekunda qalib komandalar mükafatlandırılıblar. Onlara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müavini Marina Vasileva, nazirliyin nümayəndəsi Fikrət Hüseynov, AFFA-nın baş katibi Sərxan Hacıyev, İdman səfiri İlqar Qurbanov, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev, "Azəridmanservis" MMC-nin direktoru Həsən Hüseynov, Bakı Abadlıq Mərkəzinin rəsmisi Vüqar Müftizadə təqdim ediblər.

Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol yarışının ən yaxşı oyunçusu Heydər Mustafayev, bombardiri Emil Rəsulov (hər ikisi “Yeni Günəşli”), ən yaxşı qapıçısı isə Tahir Məmmədov (“Mərdəkan”) seçiliblər.

Sonda Bakı Abadlıq Mərkəzi “Günəşli”nin oyunçularına velosipedlər verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbələrinin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: