Kambek, rekordlar və kabus

Xəbərlər
9 May 2024 11:18
Kambek, rekordlar və kabus

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Real” – “Bavariya” matçı maraqlı məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS ispaniyalıların 2:1 hesablı qələbəsi ilə bitən görüşlə bağlı statistik hesabat hazırlayıb.

“Real” Çempionlar Liqasında mövsümdə 4-cü dəfə rəqibin hesabı açdığı matçda qələbə qazanmaqla 2016/17 mövsümündəki nəticəsini təkrarlayıb.

“Real” mövsümdə ümumilikdə 12-ci dəfə rəqibin hesabı açdığı görüşdə qalib gələrək öz tarixinin 2016/17 mövsümünə təsadüf edən rekordunu təkrarlayıb. İspaniya klubu La Liqada 7, ölkə Superkubokunda 1, Çempionlar Liqasında 4 belə kambekə imza atıb.

Karlo Ançelotti Çempionlar Liqasında “Bavariya” ilə 10 matçın heç birində uduzmamaqla almaniyalıların kabusuna çevrilib: 7 qələbə, 3 heç-heçə.

Karlo Ançelotti 6-cı dəfə yüksəldiyi finalda yalnız bir dəfə uduzub.

Alfonso Devis Çempionlar Liqasının pley-offunda qol vuran ilk kanadalı olub. O, turnirdəki 40 matçında özünün qol hesabını da açıb.

Xoselu yarımfinalda meydana sonradan çıxdıqdan sonra ən azı 2 qol vuran 3-cü futbolçudur. Veynaldum 2019-cu, Rodriqo 2022-ci ildə bunu bacarıb.

“Real” Çempionlar Liqasında ardıcıl 29 oyundur qol vurur.

Federiko Valverde Çempionlar Liqasında “Real”da ən çox oyun keçirən uruqvaylı olub. Hesabında 51 matç olan futbolçu 1957-65-ci illərdə 50 oyuna çıxan Santamariyanı keçib.

Harri Keyn Çempionlar Liqasında mövsümü 8 qol və 12 xalla (8 qol + 4 ötürmə) başa vuraraq ingiltərəli futbolçular üçün rekordlara imza atıb.

Manuel Noyer “Real”a qarşı 8-ci oyunun hamısında qol buraxıb.

Manuel Noyer kabusuna çevrilən “Real”dan 18 qol buraxmaqla Fernando Musleraya çatıb.

Tonu Kroos Çempionlar Liqasının yarımfinalında 20-ci matçını keçirib. O, yalnız Kriştiano Ronaldodan (21) geri qalır. Pako Xento 19, Kərim Benzema 18 yarımfinal oynayıb.

Toni Kroos Çempionlar Liqasında 150-ci oyununu keçirən 7-ci futbolçu olub.

18-ci dəfə finala çıxan “Real” ən yaxın izləyicilərini 7 matç qabaqlayır. “Milan”la “Bavariya”nın hərəyə 11 finalı var. “Real” son 11 mövsümdə 6 dəfə final oynayıb.

“Real” finalda üçüncü dəfə Almaniya klubu ilə oynayacaq. 1960-cı ildə “Ayntraxt” (7:3), 2002-ci ildə “Bayer”lə (2:1) görüşlər də Böyük Britaniyada – hər ikisi Qlazqoda keçirilib.

Qeyd edək ki, “Real” “Uembli”dəki finalda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: