Qırmızı vərəqə Rəşad Sadıqova ani qərar vermək imkanı yaradıb

Xəbərlər
20 Aprel 2024 22:53
115
Qırmızı vərəqə Rəşad Sadıqova ani qərar vermək imkanı yaradıb

"Hazırda oyunla bağlı fikir bildirmək çox çətindir. Gərgin, mübarizə şəraitində keçən bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq".

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib: “Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan şans qazananlar oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı”.

Rəşad Sadıqov əsas məqsədin çempionatı yuxarı pillələrdə bitirmək olduğunu deyib: “Rəqib bizim üç hücumameyilli oyunçumuzu yaxşı təhlil etmişdi. Onlara boşluq vermirdilər. Rəhimə xüsusi diqqət var idi. Yaxşı məqam tapıb əlinə düşən fürsətdən istifadə etdi. Bu da futbolçunun ustalığını göstərir. Eşitməmişəm kimsə anti-futbol oynadığımızı desin. "Müdafiəyəmeyilli oynayırlar", "az qol vururlar" şərhləri olub. Hər mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Bəzən özüm üçün faydalar da çıxarıram. Bu gün məqsədimiz kiməsə nəyisə sübut etmək deyil. Məqsədimiz imkan daxilində çempionatı yuxarı pillələrdə bitirməkdir”.

Qeyd edək ki, 3:1 hesabı ilə qalib gələn “Zirə” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz