Arif Əsədov: “Onlara inanmaq lazımdır” - VİDEO

Müsahibə
27 Mart 2024 22:45
Arif Əsədov: “Onlara inanmaq lazımdır” - VİDEO

“Mənə görə bir məşqçiyə 3 il vaxt verilməlidir. İlk ildə heyəti yığa, formalaşdıra və ondan sonra hansısa bir nəticəni verə bilər”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

53 yaşlı çalışdırıcı bildirib ki, müəyyən zaman verilərsə, hazırkı komanda ilə uğur qazanmaq mümkündür: “Tez bir zamanda nəticə verəcəm demək, baş aldatmaqdır. Mən gəlib deyim ki, komandanı qrupdan 1-ci yerlə çıxaracam, bu, real olmaz. Biz daha çox topla oynamağı, hücumameyilli olmağı xoşlayırıq. Onların üstündə işləyib, uyğun fəlsəfə seçib, hamının bir nöqtəyə vurmasından sonra uğurlu olmaq mümkündür”.

Əsədov şans verilərsə, millidə nəticə əldə edəcəyinə inanır: “Niyə də yox? Futbolun içindəyik. Mən “Neftçi”dən sonra aşağı yaş qruplarında, “Sabah”da da işlədim. Böyük təcrübə toplamışam. “Neftçi”də çalışdığım vaxtlar gənc vaxtlarım idi. Hardasa çox balanslı deyildim, başqa cür baxırdım. İndi tamam başqa cür baxıram. Həm də özüm AFFA-da maariflənmədə çalışıram. Futbolun yenilikləri ilə bağlı öz fikirlərim var. Aslan Kərimov orda rəhbərdir. Mən və Osman Kərimov təlimatçı kimi işləyirik. İndiki məşqçilər hamısı bizim maariflənmənin məhsullarıdır. Onlar heç də xarici məşqçilərdən geri qalmazlar. Yerlilərə inanmaq, dəstək vermək lazımdır”.

Qeyd edək ki, Arif Əsədov Canni de Byazinin Azərbaycan millisindən ayrılmasından sonra komandada baş məşqçi əvəzləyicisi kimi çalışır.

Emin Ağa
İdman.biz