Bəhlul Mustafazadə: “Yorğunluq özünü göstərirdi, istərdim ki, qol olsun”

Müsahibə
15 Mart 2024 15:38
613
Bəhlul Mustafazadə: “Yorğunluq özünü göstərirdi, istərdim ki, qol olsun”

“Əlbəttə ki, çox məyusuq. 1/4 finala çox yaxınlaşmışdıq”.

Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə Almaniyadakı cavab oyunundan qayıdan Azərbaycan çempionunun müdafiəçisi görüş barədə fikirlərini açıqlayıb: “Bəlkə də oyundan əvvəl belə ssenari olacağını, mərhələ adlamağa belə yaxın olacağımızı heç kim düşünməzdi. Bunun təəssüfünü yaşayırıq. Digər tərəfdən də özümüzlə fəxr edirik ki, bu cür rəqibə qarşı belə oyun göstərdik və son dəqiqələrdə tur adlamaq şansını qaçırdıq”.

Bəhlul son uzatma dəqiqələrində əlverişli qol epizodundan yararlana bilməməyinə də münasibət bildirib: “Ola bilər ki, son dəqiqə idi, yorğunluq özünü göstərirdi. İstərdim ki, qol olsun. Bu top da qələbə gətirməyəcəkdi, daha 30 dəqiqə oynamalı olacaqdıq”.

Mustafazadə görüşün artırılan dəqiqələrdən çox sürməsi və qırmızı vərəqə barədə fikirlərini də bildirib: “Qələbə barədə düşünürdük. Bakıda da onlara qarşı yaxşı oynamışdıq. Həmin görüşün verdiyi motivasiya ilə yanaşırdıq. Oyunun gedişində də buna çox yaxın idik. Bir dəqiqə artıq oynatması barədə heç nə deyə bilmərəm. Məncə Elvinin epizodu qırmızı deyildi. Çünki mən də həmin epizodda iştirak edirdim".

Qeyd edək ki, Leverkuzendəki “BayArena”da təşkil olunan matçda 2:3 hesabı ilə uduzan “Qarabağ” avrokubok mövsümünü başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz