Qurban Qurbanov: “Bir daha gördüm ki, bu gün düşündüklərim bəs etmir” - MÜSAHİBƏ

Müsahibə
15 Mart 2024 02:58
1 136
Qurban Qurbanov: “Bir daha gördüm ki, bu gün düşündüklərim bəs etmir” - MÜSAHİBƏ

“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda sonadək mübarizə apardılar”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı cavab matçından (3:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, futbolçuları çox güc sərf edib: “Bizim gözəl azərbaycanlı azərkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram”.

- Azərbaycan klubları bu cür komandalara nə zaman qalib gələ biləcək? Sizcə, qələbə üçün nə çatmadı?

- Şansımız var idi, bundan istifadə etmək istəyirdik. Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Hansı ki, belə oyunlarda sonadək dözmək üçün. Çünki bu cür rəqiblərə qarşı həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, dinamikaya dözməliyik. Hər bir halda, bizim klubun, ümumiyyətlə Azərbaycan futbolunun yaşı çox azdır. Bu mərhələyə gəlmişdiksə, bundan maksimum istifadə etməliydik. Görünür ki, öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Belə oyunlarda bir səhv və ya qırmızı vərəqə belə bir nəticəyə çıxarır. Hər şeyə real baxmalıyıq. "Qarabağ"ın və "Bayer"in futbol səviyyəsində fərq böyükdür. Buna baxmayaraq, bütün oyunçular istəkli oldular, rəqibdən çəkinmədilər. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini daha da yaxşılaşdırmaq lazımdır. Bir neçə komandamız bu turnirlərdə iştirak etsələr, nəticəmiz daha da çox olacaq.

- ⁠”Qarabağ” üçün avrokubok mövsümü başa çatdı. Belə turnirlərdə komandalar və məşqçilər böyüyür. Bu mənada bizim üçün fantastik sayılan mövsüm sizə nə verdi? Bu mərhələdə oynayan komandanın bərabərsəviyyəli iki heyəti olmalıdır. Sizə elə gəlmir ki, komandanın heyəti bu cür oyunlar üçün kasaddır?

- ⁠Bəli, böyük təcrübə oldu. Ümumilikdə, ildən-ilə belə oyunlar həm mənə, həm kluba, eyni zamanda da rəhbərlik üçün böyük tərcübədir. Bir daha böyük futbolun hansı səviyyədə olduğunu hamımız canlı görürük. Biri var danışırıq, müzakirə edirik, biri də var ki, bu işin içində oluruq. Həqiqətən, böyük oyunlarda bəzi elementlər var ki, görürsən ki, həmin amillər oyunun taleyini həll edir və biz də bunun canlı şahidi oluruq. Bu gün görünən odur ki, hər iki oyunda “Bayer”ə qalib gəlməyə iki qol bəs etmədi. Almanlar istənilən komandaya iki və ya üç qolu vura bilər, onlarda bu qabiliyyət var. Mənim üçün önəmli olan futbolçuların bu təcrübəyə yiyələnməsidir. Onların bu sürəti və dinamikanı görməsi önəmlidir. Futbolçu rahat oynayanda, ə ona təziq az olanda daha böyük futbol haqqında düşünmür. Amma bu günkü oyun bizə göstərdi ki, güclü və dinamik oynamaq üçün nələrə fikir verməliyik. Hansı şəraitdə məşq edək, topun sürəti və s. o qədər şeylər var ki... Mən “Bayer”ə iki günlük səfər edəndə çox şeylər qeyd etdim. Çalışacam ki, onu gələcəkdə öz komandamda da düzgün yerinə yetirim. Ümumən, hamı üçün böyük təcrübə oldu. Bir daha gördüm ki, bu gün düşündüklərim bəs etmir. Daha da təcrübəmi artırmalıyam, daha bilik və bacarıqlarımı artırmalıyam. Əgər böyümək istəyiriksə, bu olmalıdır. Bəlkə də, futbolçularım bunu tələb etməlidirlər. Sualın ikinci hissəsinə gəldikdə, hər şeyə real baxmaq lazımdır. Bizim bu gün nəyə gücümüz çatır, onu edirik. Maksimum çalışırıq ki, iki heyət olsun. Amma iki eyni səviyyəli heyəti qoruyub-saxlamaq heç də asan deyil. Çünki futbolçuların kaprizlərini bilirsiz. Çoxu hər oyun oynamaq istəyir və biz onlardan il boyu istifadə edə bilmərik. Eynisəviyyəli 14-15 futbolçu Avropa səviyyəsinə bəs edir. Amma bizdə belə olsa, bu Avropa səviyyəsinə bəs etmir. Lakin yenə də əlimizdən gələni edirik. Futbolumuz üçün görüləcək işlər çoxdur.

- “Bayer” kimi Avropanın ən hazırlıqlı klubunun azlıqda qalan “Qarabağ” üzərindəki belə qələbə sevincini görüb, nə düşünürsüz? Gələcəyə ümidlər daha çoxdur, yoxsa təəssüflər?

- ⁠ Mənim çoxdan görmədiyim azarkeşlər var idi ki, onlarla çöldə görüşdük. Bakıdan, hətta mənim üçün Bostondan gələn azarkeşimizə təşəkkür edirəm. Onlar futbolu daha da sevdirir və bizi daha çox məsuliyyətli edir. İnanın ki, özümə görə üzülmürəm və təssüflənmirəm. Yenə də futbolçularıma və azarkeşlərə görə üzülürəm ki, həqiqətən çox inamlı idilər. Oyundan öncə bildirirdilər ki, məğlub olsaz belə, sizin yanınızdayıq. Bundan böyük dəstək ola bilməz. Mən dəfələrlə bildirmişəm ki, Azərbaycanda futbolu sevirlər, amma onları qaçırmaq lazım deyil. Azarkeşləri stadiona cəlb etmək lazımdır. Əgər Bostondan bura fanat gəlirsə, deməli, doğurdan da, bizi sevirlər. Bizim də üzərimizə böyük məsuliyyət düşür ki, daha istəkli və ürəkli olaq. Necə ki, bizə güvənirlər, biz də bunu doğrultmalıyıq. Hamımız istəyirik ki, səhv olmayaydı. Amma bu, futbolda qaçılmazdır. Elə komandalar olub ki, bunu vaxtı ilə ediblər, indi ona görə daha hazırlıqlıdırlar. Amma biz hələ indi-indi həmin o kiçik səhvlərə laqeyd yanaşırıq. İnanıram ki, bu cür səhvlər bizi və futbolçularımızı daha da böyüdəcək. İnanın ki, hamımız “Qarabağ” adına məsuliyyətlə və sevgi ilə yanaşırıq. Gələcəkdə də bizim əlimizdə nə qədər şərait var, daha da yaxşılaşdırmağa çalışacayıq. Bu gün biz texiniki heyətlə və s. digər amillər baxımından zəif ola bilərik, amma inamımız varsa, belə bir komandalara qarşı məğlub olsaq da, çəkinmədən mübarizə aparacağıq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.

Banuçiçək Hüseynli
İdman.biz