Ramin Musayev “Qəbələ”nin sonuncu olmasında günahkarları açıqlayıb - VİDEO

Müsahibə
2 Mart 2024 13:43
565
Ramin Musayev “Qəbələ”nin sonuncu olmasında günahkarları açıqlayıb - VİDEO

“Azərbaycan çempionatı maraqlı keçir. Bəlkə də bu sözümü bəzi insanlar pis yozarlar, ancaq bəzi klublara qarşı haqsızlıqlar olur”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, “Qəbələ”də olan baş məşqçi dəyişikliyinə münasibət bildirib: “Kaxaber Tsxadadzenin gəlişinin əleyhinə deyiləm. Onu legioner məşqçi saymıram. Uzun müddət bizim ölkədə çalışıb, çox işlər görüb. “İnter”in maliyə problemləri olmasına baxmayaraq, klubu Avropaya səhnəsinə çıxardı. Onun gəlməyinin əleyhinə deyiləm. Amma bu gün Elmar Baxşıyevin kənarda qalmağı mənə pis təsir etdi. O, “Qəbələ”yə gəldiyi gündən sona kimi bu klubda can qoydu. İnanmıram ki, klubun prezidenti Fariz Nəcəfov Elmarı kənarda qoyar. O insanı da yaxşı tanıyıram. Ədalətli olmağına inanıram”.

Musayevin sözlərinə görə, “Qəbələ”dən istefaya göndərilən Elmar Baxşıyevə qarşı çox haqsızlıqlar olub: “Hazırda komandanın son pillədə getməsinin səbəbkarı tək Elmar və ya futbolçular deyil. Kluba qarşı olan haqsızlıqlardır. Bunun səbəbi ilə maraqlanmaq lazımdır. AFFA-nı və rəhbərliyini pisləmirəm, ancaq o, xarici Hakimlər Komitəsinin sədrini dəvət edən insanları günahlandırıram. Ondan əvvəl avstryalı Ştuxlik idi. O bizə heç nə qazandırmadı. PFL-in rəhbəri olanda adi bir səhvə görə oyundan sonra 6-7 nəfər klub nümayəndəsi ofisə gəlirdi. Haqsızlıqlarını dilə gətirirdi. İndi isə haqsızlıqlar olsa da səsini çıxaran yoxdur”.

Emin Ağa
İdman.biz

Məqalədə: