Bəxtiyar zədəsini sağaldıb, Ramillə oyunu gözləyir

Xəbərlər
27 Fevral 2024 09:54
Bəxtiyar zədəsini sağaldıb, Ramillə oyunu gözləyir

Türkiyə 1-ci Liqasında “Tuzlaspor”un şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənəlizadə zədəsini sağaldıb.

İdman.bizə bu barədə futbolçunun özü məlumat verib.

Ayağından və belindən zədələnən müdafiəçi bildirib ki, bu həftə komanda ilə məşqlərə başlayacaq. Tuzla təmsilçisi martın 10-da 26-cı tur çərçivəsində yığmadakı komanda yoldaşı Ramil Şeydayevin formasını geydiyi “Kocaelispor”un qonağı olacaq.

31 yaşlı futbolçu da millimizin hücumçusuna qarşı mübarizə aparmaq istədiyini deyib: “İstanbulda müalicə olundum. Zədəmi sağaltmışam. Meydanda olub-olmayacağıma məşqçilər qərar verəcək. “Kocaelispor”a qarşı oynamaq istəyərəm. Azərbaycanlı futbolçuya qarşı mübarizə aparmaq xoş olar”.

Qeyd edək ki, “Tuzlaspor” Türkiyə 1-ci Liqasında 23 xalla 15-ci pillədə qərarlaşıb. “Kocaelispor” isə 44 xalla 3-cü yerdədir.

Emin Ağa
İdman.biz