Litvanın xarici işlər naziri Valdas Dambrauskası mükafatlandırdı - FOTO

26 Noyabr 2026 11:40
58
Litvanın xarici işlər naziri Valdas Dambrauskası mükafatlandırdı - FOTO

Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa “Litvanın Diplomatiya Ulduzu” mükafatını təqdim edib.

İdman.Biz xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

K.Budris futbolun da diplomatiyada mühüm rol oynadığını qeyd edib:

“Bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, daha cəlbedici bir sahəni – futbolu da əhatə edir. “Sabah” futbol klubunun baş məşqçisi və komandanı Çempionlar Liqasına çıxaran ilk litvalı Valdas Dambrauskasa “Litvanın Diplomatiya Ulduzu” mükafatını təqdim etməkdən qürur duyuram. Fədakarlığınıza, gərgin əməyinizə və Litvanı dünya futbol ictimaiyyəti arasında tanıtdığınıza görə təşəkkür edirəm”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun “Sabah” - “Barselona” matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyareal” komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Barselona” isə 12 xalla dördüncü sıradadır.

İdman.Biz