Niderlandda azarkeşlər öz komandalarının avtobusunun qarşısını kəsdilər

9 Noyabr 2026 17:56
67
Niderlandda azarkeşlər öz komandalarının avtobusunun qarşısını kəsdilər

Niderlandın ikinci liqasında keçirilməli olan “Vitess” - “De Qraafşap” matçı azarkeşlərin etirazı səbəbindən ləğv edilib.

İdman.Biz xəbər verir ki, qonaq komandanın tərəfdarları bazar günü səhər saatlarında klubun Doetinhem şəhərindəki stadionunun qarşısına toplaşaraq futbolçuları oyuna aparmalı olan avtobusun hərəkətinə mane olublar.

Bundan əvvəl “De Qraafşap” klubu azarkeşlərinin Arnhem şəhərində keçiriləcək qarşılaşmaya buraxılmayacağını açıqlamışdı. Buna səbəb tərəfdar qrupları ilə yerli hakimiyyət orqanları arasında ayrılan biletlərin sayının azaldılması və digər təhlükəsizlik tədbirləri ilə bağlı razılığın əldə olunmaması idi.

Niderland Futbol Assosiasiyası qarşılaşmanın keçirilməyəcəyini və hadisənin intizam orqanlarına göndəriləcəyini bildirib.

Qurum bəyanatında azarkeşlərin bu davranışını qəbuledilməz adlandıraraq onların öz klublarına, komandalarına, futbola və oyunu izləməyə gələn minlərlə tərəfdara zərər vurduğunu qeyd edib.

“De Qraafşap” rəhbərliyi hadisədən şoka düşdüklərini açıqlayıb. Klub məsələyə dair ətraflı məlumat topladıqdan sonra əlavə açıqlama verəcəyini bildirib.

“Vitess” klubunun direktoru Villem van der Linden isə qarşılaşmanın ləğvini böyük məyusluq adlandırıb. O, oyunun təşkili üçün bütün tərəflərlə birlikdə lazımi addımların atıldığını vurğulayıb.

İdman.Biz