“Son üç turda istədiyimiz futbolu oynaya bilirik. “Araz-Naxçıvan”la qarşılaşmada da üstünlük bizim tərəfimizdə idi”.
Bu sözləri “Şəfa”nın futbolçusu Elnur Cəfərov deyib.
Paytaxt təmsilçisinin kapitanı Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri matçdan danışaraq hakim qərarlarından narazılığını bildirib.
“Araz-Naxçıvan”la matçda üstün olduğumuza baxmayaraq, yenə bəxtimiz gətirmədi və iki xal itirdik. Artıq ikinci oyundur ki, aşkar penaltilərimizi vermirlər. Artıq söz tapa bilmirəm. Futbolçular əziyyət çəkirlər, hakimlər isə yanlış qərarlarla zəhmətimizi yerə vurular. Haqqımızı yedilər”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
29 yaşlı yarımmüdafiəçi komandasının ilk dövrədə adaptasiya prosesini geridə qoyduğunu vurğulayıb:
“İlk dövrədə adaptasiya prosesini keçdik. Son 3 turda bunun şahidi olduq. Zaur müəllim də oyunumuzdan razıdır. Futbolçular artıq bir-birini gözübağlı başa düşürlər. Buraxdığımız qollar isə bəsitdir və bu səhvləri aradan qaldırmalıyıq. Milli fasilədə baş məşqçinin verdiyi tapşırıqlar üzərində işləyəcəyik ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq”.
Qeyd edək ki, “Şəfa” Misli Premyer Liqasında 11 turdan sonra beş xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
