Bu gün, noyabrın 2-də Avropanın aparıcı futbol çempionatlarında turun son oyunları keçiriləcək. Günün əsas qarşılaşması İngiltərə Premyer Liqasında “Nyukasl” və “Everton” komandaları arasında olacaq. Rəqiblər cəmi dörd gün sonra yenidən üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, komandalar “Sent-Ceyms Park” stadionunda qarşılaşacaqlar. Cümə axşamı İngiltərə Liqa Kubokunda üz-üzə gələn tərəflərin duelində “Everton” 3:1 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. İndi “Nyukasl” çempionat oyununda revanş almağa çalışacaq. Hazırda komandaları turnir cədvəlində cəmi bir xal ayırır.
İtaliya A Seriyasında “Sassuolo” - “Fiorentina” və “Atalanta” - “Parma” görüşləri keçiriləcək. Oktyabrın 12-dən bəri çempionatda qələbə qazana bilməyən Berqamo təmsilçisi uğursuz seriyaya son qoymağa çalışacaq.
Portuqaliya çempionatında “Benfika” “Alverka”nı qəbul edəcək. Doqquz oyundan 22 xal toplayan Lissabon klubu ikinci pillədə qərarlaşıb. Lider “Portu”nun 10 matçdan 30 xalı var. Buna görə də “Benfika” xal fərqini azaltmaq üçün qələbə qazanmalıdır.
Fransa Liqa 1-də “Loryan” və “Brest” arasında Bretan derbisi keçiriləcək. Meydan sahibləri son üç turda məğlub olmayıblar. Qonaqlar isə turnir cədvəlinin aşağı hissəsindəki mövqelərini yaxşılaşdırmağa çalışırlar.
İspaniyada “Deportivo” “Osasuna” ilə qarşılaşacaq. Türkiyə Super Liqasında isə “Gənclərbirliyi” “Alanyaspor”u qəbul edəcək.
Futbol. Noyabrın 2-nə olan oyun cədvəli
İngiltərə. Premyer Liqa
00:00 (3 noyabr). “Nyukasl” – “Everton”
İtaliya. A Seriyası
21:30. “Sassuolo” – “Fiorentina”
23:45. “Atalanta” – “Parma”
İspaniya. La Liqa
00:00 (3 noyabr). “Deportivo” – “Osasuna”
Fransa. Liqa 1
23:45. “Loryan” – “Brest”
Türkiyə. Super Liqa
21:00. “Gənclərbirliyi” – “Alanyaspor”
Portuqaliya. Primer Liqa
00:15 (3 noyabr). “Benfika” – “Alverka”
Qeyd: Bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
