Bakıda keçirilən U-15 dünya çempionatında xüsusi komanda mükafatları təqdim olunacaq

29 Oktyabr 2026 17:03
57
Bakıda keçirilən U-15 dünya çempionatında xüsusi komanda mükafatları təqdim olunacaq

Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və FIFA festivalı çərçivəsində üç xüsusi komanda mükafatı təsis edilib. Qaliblər komandaların özünəməxsusluğu, birliyi və müsbət əhval-ruhiyyəsi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

İdman.Biz xəbər verir ki, FIFA-nın məlumatına görə, təşkilatın bir çox digər yarışlarından fərqli olaraq, Bakıda “Qızıl buts” və ya “Fair-play” mükafatı kimi fərdi mükafatlar təqdim edilməyəcək. Bunun əvəzinə komandaları həm meydanda, həm də meydandan kənarda fərqləndirən xüsusiyyətlər ön plana çəkiləcək.

“FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 komandanın iştirak etdiyi bu tarixi tədbirdə inanılmaz enerjinin, rəqabət ruhunun, sevinc dolu anların və yeni dostluqların yaranmasının şahidi olduq. Bu, futbolu hər kəs üçün əlçatan etmək istiqamətində fəaliyyətimizi davam etdirmək həvəsimizi daha da artırır. Hər bir istedada özünü göstərmək imkanı vermək, futbolun bütün dünyada insanlara sevinc bəxş etməsini və yeni imkanlar yaratmasını istəyirik”, - FIFA prezidenti Canni İnfantino bildirib.

Mükafatların qalibləri statistik göstəricilərə və ya rəsmilərin qərarına əsasən deyil, turnirdə iştirak edən yeniyetmə futbolçuların səsverməsi ilə müəyyənləşəcək. Oyunçular meydanda, paltardəyişmə otaqlarında və İdmançılar kəndində bir araya gələrək turnir boyunca səs verəcəklər. Komandalar parlaq və pozitiv oyunu, eləcə də davranışı ilə onlarda daha çox təəssürat yaradan kollektivə səs verə biləcəklər.

Festivalın sonunda üç nominasiya üzrə mükafat təqdim olunacaq. Bu nominasiyalarda medal verilməsi nəzərdə tutulmayıb.

“Distinctive Identity Award” - “Özünəməxsusluq mükafatı” aydın oyun üslubu və fərdi xüsusiyyətləri ilə seçilən komandaya veriləcək. Qiymətləndirmə zamanı kollektivin dəyərləri, oyun tərzi, komanda əməkdaşlığı, matçlardakı və festival tədbirlərindəki davranışı nəzərə alınacaq.

“United by Football Award” - “Futbol birləşdirir” mükafatı komanda daxilində birliyi və müsbət atmosferi fərqləndirən kollektivə təqdim ediləcək. Meydanda və meydandan kənarda oyunçuların birliyi, qarşılıqlı dəstək və əməkdaşlıq, həmçinin müşahidəçilərin və nümayəndələrin rəyləri nəzərə alınacaq.

“Positive Energy Award” - “Pozitiv enerji mükafatı” isə ən böyük həvəs və müsbət əhval-ruhiyyə nümayiş etdirən komandaya veriləcək. Oyunçuların bədən dili, ehtiyat oyunçular skamyasındakı davranışları, komanda yoldaşlarına dəstəyi və çətinliklərə reaksiyası qiymətləndiriləcək.

İdman.Biz