“Zirə”nin qapıçısı : “Komandamızın potensialı ilk üçlük üçün mübarizəyə imkan verir” - MÜSAHİBƏ

23 Oktyabr 2026 16:16
112
“Zirə”nin qapıçısı : “Komandamızın potensialı ilk üçlük üçün mübarizəyə imkan verir” - MÜSAHİBƏ

“Hər oyunun öz çətinliyi var. “Kəpəz” də doğma meydanda oynayırdı və xal qazanmaq istəyirdi”.

Bunu “Zirə”nin qapıçısı Aydın Bayramov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Zirə” son turda “Kəpəz”lə qarşılaşdı və bərabərə qaldı. Həmin oyundakı nəticə sizi razı saldı?

- Oyunun nəticəsindən tam razı qaldığımızı deyə bilmərəm. Çünki meydana qələbə qazanmaq üçün çıxmışdıq. Amma səfərdə oynadığımızı və qarşılaşmanın çətin keçdiyini də nəzərə almalıyıq. Ən azından son dəqiqələrdə vurduğumuz qolla bir xal qazanmağı bacardıq. İndi qarşıdakı oyunlara köklənib itirdiyimiz xalları kompensasiya etməyə çalışmalıyıq.

- Bir xalı da son dəqiqə qolu ilə qazana bildiniz. Sizcə, nəyə görə bu cür çətin oldu?

- Hər oyunun öz çətinliyi var. “Kəpəz” də doğma meydanda oynayırdı və xal qazanmaq istəyirdi. Bəzi epizodlarda istədiyimiz oyunu göstərə bilmədik, rəqib də bundan istifadə etməyə çalışdı. Futbolda belə hallar olur. Əsas odur ki, sona qədər mübarizə apardıq və oyunun sonlarında qol vuraraq xalsız qalmadıq.

- Gəncədə yenilənmiş stadionda, dolu tribuna qarşısında oynamaq çox çətin gəlir? Yerli liqa oyunlarında bu cür atmosferin olmamasına görə futbolçular Gəncədə sanki təşvişə düşür..

- Belə atmosferdə oynamaq, əlbəttə, fərqli hisslər yaradır. Azarkeşlərin stadionu doldurması futbolçular üçün əlavə motivasiyadır. Bəzən bu, meydan sahiblərinə daha çox dəstək verir və oyunun gedişinə təsir göstərir. Amma düşünmürəm ki, bu, bizim üçün əsas problem idi. Peşəkar futbolçu kimi istənilən şəraitə uyğunlaşmalı və öz oyunumuzu göstərməliyik.

- Yenidən start heyətinə geri qayıtdınız. Oyun praktikasının olmamasını hiss edirdiniz, yoxsa hər hansı problem yox idi?

- Əlbəttə, mütəmadi oynamaq futbolçu üçün çox vacibdir. Start heyətində meydana çıxmaq mənim üçün xoş idi. Oyun ərzində əlimdən gələni etməyə çalışdım. Bəzi epizodlarda daha yaxşı oynaya bilərdim. Amma düşünürəm ki, oyun praktikasını artırdıqca formamı daha da yaxşılaşdıracağam. Əsas məqsədim komandaya maksimum fayda verməkdir.

- Hazırda 6-cı pillədə olsanız da, ehtimal etmək olar ki, komandanın potensialı daha yuxarı pillələr üçün oynamağa imkan verir. Sizcə, “Zirə” ilk üçlük üçün mübarizədə ola biləcək?

- Məncə, komandamızın potensialı buna imkan verir. Mövsüm hələ davam edir və qarşıda çoxlu oyun var. Əlbəttə, bunun üçün daha stabil çıxış etməli, xüsusilə xal itkilərini minimuma endirməliyik. Biz hər oyuna qələbə məqsədilə çıxırıq. İnanıram ki, komanda olaraq daha yaxşı nəticələr qazana və turnir cədvəlində mövqeyimizi yüksəldə bilərik.

- Növbəti turdakı rəqibiniz “Sumqayıt”dır. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz? “Sumqayıt” yavaş-yavaş deyəsən özünə gəlir. Sizin üçün ağır olacaq?

- ”Sumqayıt” yaxşı komandadır və son oyunlarda özünü göstərməyə başlayıb. Buna görə bizi çətin qarşılaşmanın gözlədiyini düşünürəm. Amma biz də qələbə qazanmaq istəyirik və bunun üçün hazırlaşacağıq. Rəqibin hansı vəziyyətdə olmasından asılı olmayaraq, əsas diqqətimizi öz oyunumuzun üzərində cəmləməliyik. İnanıram ki, meydanda öz oyunumuzu göstərə bilsək, istədiyimiz nəticəni əldə edə bilərik.

İdman.Biz