Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

23 Oktyabr 2026 17:01
132
Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

Braziliyalı futbolçu Felipe Santosun karyerasını yenidən Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Məlumata görə, “Qəbələ” sabiq hücumçusunu yenidən heyətinə qatmağı nəzərdən keçirir.

Lakin klubun mətbuat katibi Elnur Məmmədli İdman.Biz-ə açıqlamasında bu xəbəri təkzib edib.

“Artıq 12 legioner transfer etmişik. 13-cü legioner üçün əlavə rüsum ödəmək lazımdır. Buna görə də daha bir legioner transfer etməyəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, “Qəbələ”nin rəsmi heyət siyahısında yer alan legionerlər arasında Artur Motta, Natan Monzanqo, Kouya Mabea, İsaak Amoah, Edson Eduardo, Endri Çekici, Xayme Syerra, Bruno Silva, Meşak Uboçioma, İsmaheel Akinade, Karim Rossi və Rafael Utziq var.

Benin milli komandasının üzvü olan F. Santos hazırda Taylandın “Bangkok United” klubunda çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Qəbələ”, “Şamaxı” və “Araz-Naxçıvan”ın formasını geyinib. Hücumçu, həmçinin Sloveniyanın “Maribor” və İsrailin “Hapoel Haifa” klublarında çıxış edib.

İdman.Biz