“Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında Almaniyanın “Borussiya” (Dortmund) komandasına qarşı dueldə futbolçuların göstərdiyi oyundan razı qalıb.
O, əsas mərhələnin üçüncü turunda 0:2 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.
“Məğlub olanda hər zaman özünü pis hiss edirsən. Daha çox şey edə biləcəyini düşünərək kədərlənirsən. Bununla belə, futbolçularımın göstərdiyi oyundan razıyam. 90 dəqiqə ərzində gərgin və rəqabətli bir oyun keçdi. “Borussiya” 73-cü dəqiqədə fərqlənməyi bacardı”, - deyə o report.az-a açıqlamasında söyləyib.
A.Mustedanaqiç Dortmund təmsilçisinin böyük klub olduğunu vurğulayıb:
”Borussiya” yaxşı akademiyaya sahib olan çox böyük klubdur. Həqiqətən yaxşı futbol oynayırlar. Onların əvvəlki oyunlarını izləmişdik. Norveçin “Budyo-Qlimt” komandasına 5:0 hesabı ilə qalib gəlmişdilər, ondan öncə isə “Vilyarreal”a qarşı oynamışdılar. Həmin matçda uduzsalar (2:3) da, fikrimcə, daha yaxşı çıxış edən tərəf idilər. Oyunçularımız matç üçün hazırladığımız planı tam yerinə yetirdilər və onların göstərdiyi oyundan məmnunam”.
Qeyd edək ki, “Sabah”ın U-19 kollektivi birinci turda İngiltərədə “Mançester Yunayted”ə 5, ikinci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 3 cavabsız qolla uduzub.
