Lorenzo Mezzotero: “A milli komandada oynamaq böyük hədəfimdir” - MÜSAHİBƏ

7 Oktyabr 2026 10:31
123
Lorenzo Mezzotero: “A milli komandada oynamaq böyük hədəfimdir” - MÜSAHİBƏ

“Hazırda mənim üçün əsas məsələ çox çalışmaq və inkişaf etməyə davam etməkdir”.

Bunu Azərbaycan U-21 millisinin futbolçusu Lorenzo Mezzotero Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqi 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyunla bağlı fikirləriniz necədir?

– Bu gün məqsədimiz Azərbaycanın U-21 millisinin əvvəlki rekordunu – 9 xal rekordunu yeniləmək idi. Buna nail olduq. Komanda olaraq çox xoşbəxtik. Kollektiv şəkildə yaxşı oyun keçirdik, 3:0 hesabı ilə qalib gəldik, qapımızı toxunulmaz saxladıq və qollar vurduq. Rekordu yenilədiyimiz üçün də çox sevinirik.

– Azərbaycan millisinə adaptasiya ola bilmisiniz? Dil bilməməyiniz problem yaradır?

– Hər dəfə Azərbaycan millisinə dəvət olunanda bunun mənim üçün böyük şərəf olduğunu düşünürəm. Bu, mənim ikinci toplanışımdır. Ümid edirəm ki, qarşıda belə toplanışlar çox olacaq. Çalışmağa davam edirəm, xoşbəxtəm və bu anlardan zövq alıram. Azərbaycan mənim üçün evimdir. Burada altı gözəl il keçirmişəm. Altı yaşımda bura gəlmişəm və 12 yaşıma qədər burada yaşamışam. Ona görə də Azərbaycan mənim üçün ev kimidir. Bütün uşaqlığım burada keçib. Çoxlu dostlarım var, burada məktəbə getmişəm. Bu ölkəyə qayıtmaq mənim üçün həmişə böyük şərəfdir. Buna görə çox xoşbəxtəm.

– Azərbaycan dilində hansı sözləri bilirsiniz?

– “Salam, necəsiniz?, mən yaxşıyam” (gülür). Demək olar ki, çox şeyi başa düşürəm, amma bir qədər az danışıram.

– Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?

– Burada yeməklər çox yaxşıdır. Oyunlara hazırlaşmaq üçün Bakıda 14 gün qaldım və çox yaxşı qidalandım. Buna görə xoşbəxtəm. Düşünürəm ki, bir neçə kilo da almışam. (gülür)

Mənim üçün toyuqla düyü və kartofun hazırlanma üsulu çox yaxşıdır. Həmçinin humusu da çox sevirəm. Çörəklə birlikdə çox dadlıdır.

– İtaliyadakı klubunuz olan “Sampdoriya”dan məmnunsunuz?

– Hazırda mənim üçün əsas məsələ çox çalışmaq və inkişaf etməyə davam etməkdir. Gəncəm və “Sampdoriya”da keçirdiyim vaxtdan zövq alıram. Çox xoşbəxtəm, qollar vururam, çox oynayıram. Həmçinin əsas komandada debüt etmişəm və iki oyun keçirmişəm. Onlar mənə inanırlar, mən də onlara inanıram. Düşünürəm ki, aramızda çox yaxşı münasibət var və birlikdə böyük işlər görə bilərik.

– U-20 dünya çempionatında iştirak üçün millidən dəvət gözləyirsiniz?

– Bəli. Mən bunu özüm üçün məqsəd və hədəf kimi müəyyənləşdirmişəm. U-20 dünya çempionatının Azərbaycanda keçiriləcəyini bilirəm. Həmçinin bilirəm ki, Azərbaycanın yaxşı keyfiyyətləri var və çox yaxşı nəticələr əldə edə bilərik. Ümid edirəm ki, bu məqsədə çatmaq üçün çox çalışmağa davam edəcəyəm. Bəli, U-20 dünya çempionatında oynamaq istəyirəm.

– A millidən növbəti toplanışlarda dəvət gözləyirsiniz?

– Bəli, əlbəttə. A milli komandada oynamaq mənim arzularımdan biridir. Həmişə dediyim kimi, bu, mənim böyük hədəfimdir. Hazırda U-21 millisindəyəm. Amma çox çalışmağa və qol vurmağa davam etsəm, bilirəm ki, bir gün A milliyə yüksələ bilərəm.

– Azərbaycan azarkeşlərinə nə demək istərdiniz?

– Onları çox sevirəm. Mənə göstərdikləri dəstəyə görə çox təşəkkür edirəm. Onlar mənim qəlbimdədir.

İdman.Biz