“Qalatasaray”ın almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan müasir futbolda sosial medianın futbolçulara təsirindən danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə Almaniyanın “Die Zeit” nəşrinə açıqlamasında bildirib.
35 yaşlı futbolçu bəzi oyunçuların hətta matçın fasiləsində paltardəyişmə otağında öz adlarını axtarış sistemində yazaraq onlar haqqında nə deyildiyini yoxladıqlarını bildirib.
Gündoğanın sözlərinə görə, ictimaiyyətin tərifləri məşqçinin və komanda yoldaşlarının fikirlərindən daha vacib olmağa başlayanda bu, komanda üçün təhlükəli vəziyyət yaradır.
Gündoğan vurğulayıb ki, sosial media futbolda fərdiyyətçiliyi daha da gücləndirib və qolların həddindən artıq ön plana çıxması da bu tendensiyanın göstəricisidir. Almaniyalı futbolçu sosial medianın əvvəlcə insanlarla birbaşa əlaqə yaratmaq üçün müsbət vasitə olduğunu, lakin sonradan şöhrət və qazanc axtarışının ön plana keçdiyini deyib.
Gündoğan karyerasını başa vurduqdan sonra məşqçi olmaq istədiyini də açıqlayıb və bu fikrin onda Pep Qvardiola ilə işlədiyi dövrdə yarandığını bildirib.
O, həmçinin Dortmund “Borussiya”sında birlikdə çalışdığı Yurgen Kloppu “çox səmimi, birbaşa və simpatiyalı” məşqçi kimi xarakterizə edib.
