“Azərbaycanın futbol üzrə U-21 millisi Şotlandiya ilə oyunda yeddi dəqiqə ərzində konsentrasiyanı itirib”.
Bu barədə komandanın baş məşqçisi Rəşad Eyyubov deyib.
33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində səfərdə 2:5 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.
“Ümumilikdə oyun yaxşı keçdi. Sadəcə, yeddi dəqiqə ərzində konsentrasiyanı itirdik. Mən futbolçulardan və məşqçi heyətindən razıyam”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
R.Eyubov səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:
“Amma realist olmalıyıq. Belə oyunlara yalnız taktiki və mental olaraq hazır olmaq kifayət deyil. Yaxşı oyun ritmində qalmaq və yüksək tempə hazır olmaq çox vacibdir. Fərdi səhvlərimizi düzəltmək üçün gücümüz var. İndi bərpa keçib növbəti qarşılaşmaya hazırlaşacağıq”.
Xatırladaq ki, U-21 millisi oktyabrın 6-da Bakıda Cəbəllütariqi qəbul edəcək.
