Adrian Mutu “Neftçi”yə keçidinin səhv olduğunu etiraf edib

1 Oktyabr 2026 17:01
72
Adrian Mutu “Neftçi”yə keçidinin səhv olduğunu etiraf edib

Bakı “Neftçi”sinin sabiq baş məşqçisi Adrian Mutu Azərbaycan klubunda işləmək üçün Rumıniyanın “Rapid” klubundan ayrılmaq qərarının səhv olduğunu etiraf edib.

İdman.Biz-in məlumatına görə, Mutu bu mövzunu Rumıniya millisinin sabiq baş məşqçisi Viktor Pitsurke ilə birlikdə Digi Sport telekanalının efirində müzakirə edib.

Pitsurke bildirib ki, Mutu 2023-cü ilin yayında “Rapid”dən ayrılaraq “Neftçi”nin təklifini qəbul etməməli idi. Onun fikrincə, mütəxəssis daha bir neçə il Buxarest klubunda fəaliyyətini davam etdirməli idi.

“Getməklə səhv etdi. Mən ona deyirdim ki, üç-dörd il “Rapid”də qalmaq lazımdır. Onun klubun inkişafına sərmayə yatıran Dan Şuku kimi bir rəhbəri var idi. Əgər bu müddət ərzində çempionluğu qazansaydı, daha sonra Florensiyaya gedə bilərdi. Mən ona deyirdim ki, qazanacağı heç nə olmayan kiçik komandalara getməsin”, – deyə Pitsurke bildirib.

Həmin studiyada olan Mutu sabiq məşqçinin fikri ilə razılaşıb.

“O, haqlıdır”, – deyə mütəxəssis qısa cavab verib.

Qeyd edək ki, Mutu “Rapid”dən ayrıldıqdan sonra 2023-cü ilin yayında “Neftçi”yə baş məşqçi təyin olunub. Onun Bakı klubundakı fəaliyyəti həmin ilin dekabrına qədər davam edib və uğursuz nəticələr seriyasından sonra rumıniyalı mütəxəssis istefaya göndərilib.

Əlavə edək ki, Adrian Mutu futbolçu kimi Milan “İnter”i, Turin “Yuventus”u, eləcə də London “Çelsi”si kimi klubların formasını geyinib.

İdman.Biz