İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində Türkiyənin Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu da daxil olmaqla yeddi nəfər saxlanılıb.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbul da daxil olmaqla Türkiyənin dörd vilayətdə keçirilib.
Saxlanılan şəxslər “mobbing”(iş yerində psixoloji təzyiq və təqib - red) və “rəsmi sənəddə saxtakarlıq”da şübhəli bilinirlər.
İstintaq zərərçəkmiş şəxsin ifadəsindən sonra başladılıb.
Araşdırmada hakimlərin kateqoriyalarının manipulyasiya edilməsi, qayda imtahanlarının nəticələrinə müdaxilə və təyinat cədvəllərində saxtalaşdırma iddiaları araşdırılır.
Hələlik istintaq materillarında yer alan məqamlar barədə mətbuata açıqlama verilməyib.
Öz növbəsində Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsi (MHK) həyata keçirilən cinayət işi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, TFF rəhbərliyi vəzifəyə gəldiyi ilk gündən "təmiz futbol, ədalətli oyun" anlayışının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd olunub ki, bu çərçivədə mərc və qanunsuz mərc məsələlərinin araşdırılması ilə bağlı Ədliyyə, Daxili İşlər, eləcə də Gənclik və İdman nazirlikləri ilə koordinasiyalı şəkildə əməkdaşlıq aparılır.
Federasiya hüququn aliliyinə, məhkəmə orqanlarının müstəqilliyinə və hüquqi proseslərin sağlam şəkildə aparılmasına inamının tam olduğunu vurğulayıb.
