Rəcəb Fərəczadə: “Kobud səhvlər Çempionlar Liqasındakı hər iki oyunda nəticəyə mənfi təsir etdi”

24 Sentyabr 2026 13:59
78
Rəcəb Fərəczadə: “Kobud səhvlər Çempionlar Liqasındakı hər iki oyunda nəticəyə mənfi təsir etdi”

“Aznur” komandasının minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ilk iki matçının nəticəsinə buraxılan kobud səhvlər mənfi təsir göstərib.

Bunu komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis uduzduqları ilk iki qarşılaşmanı təhlil edib.

“İlk oyunda açıq-aşkar üstünlük bizdə idi, lakin qol epizodlarından istifadə edə bilmədik. Rəqib demək olar ki, bütün heyətlə müdafiədə oturdu. Həm ilk, həm də ikinci hissədə yüzfaizli qol imkanlarımız oldu. Yararlana bilmədik, onlar isə iki kobud səhvimizdən qollar vurdular və sonradan vəziyyəti xilas edə bilmədik. Sanslar yaratsaq da, matç 0:2 hesabı ilə başa çatdı”, - deyə o report.az-a açıqlamasında söyləyib.

R.Fərəczadə ikinci matçdakı rəqibdən və fiziki bərpa vaxtının azlığından söz açıb:

“Növbəti rəqibimizlə görüş birincidən 3 saat sonra keçirildi. Birinci komanda Polşa təmsilçisi idi, heyətlərində 22-24 yaşlı futbolçular yer almışdı. İkinci rəqib isə bir az yaşlı kollektiv idi. Futbolçulara dedim ki, bu bizim üçün yaxşı şansdır, onlara nisbətən cavanıq. Həm də bərpa üçün vaxtımız çox az - cəmi 3 saat olmuşdu. İkinci oyunda başa-baş mübarizə getdi. Buraxılan üç topdan ikisini kobud səhvlər ucbatından qapımızda gördük”.

R.Fərəczadə rəqiblərin fiziki hazırlıq səviyyəsinə toxunub:

“Ümumi götürsək, komandam fiziki olaraq bu turnirə hazır idi. Bu il həqiqətən çox iddialı komandalar var. Taktiki və texniki baxımdan o qədər üstün olmasalar da, fiziki cəhətdən çox hazırlıqlıdırlar. Hətta deyərdim ki, bizim oyunçuların 70 faizindən üstündürlər. Onların güc futbolu oynadıqlarının şahidi oldum”.

“Aznur”un baş məşqçisi növbəti oyun haqqında da fikir bildirib:

“Hər qarşılaşmada qələbə şansı var. Matça yüz faiz, tam motivasiyalı hazır olmalısan. Biz Azərbaycanı təmsil edirik və Çempionlar Liqasında çıxış edirik. Hər oyuna yüksək əzmlə çıxmalısan. Sonuncu oyunumuz macarlara qarşı olacaq. Macarıstan komandası demək olar ki, turnirin favoritidir. Qrupumuz həqiqətən çətindir. Üçüncü matçımız Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bəhanə gətirmək istəmirəm, amma təşkilatçılıq bir qədər pisdir. Saat 14:00-da oynayırsan, 15:00-da matç bitir, 19:00-da isə növbəti oyun var. Saat 16:00-da otelə çatırıq, 1-2 saat sonra yenidən meydançaya yollanmalı oluruq”.

Qeyd edək ki, Çempionlar Liqasının F qrupunda mübarizə aparan “Aznur” ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi “Sokil”ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin “Bukovina Badeuti” kollektivinə 2:3 hesabı ilə yenilib.

Komanda qrupdakı son matçını bu gün saat 16:00-da Macarıstan təmsilçisi “The Private Rooftop”a qarşı keçirəcək.

İdman.Biz