Nəriman Axundzadənin “Ərzurumspor”da az oynamasının səbəbi açıqlanıb

16 Sentyabr 2026 16:38
122
Nəriman Axundzadənin “Ərzurumspor”da az oynamasının səbəbi açıqlanıb

“Nəriman Axundzadənin “Ərzurumspor”da az oynaması ilə ilə bağlı müxtəlif fikirlər səslənə bilər. Ancaq bunun səbəbi var”.

Bu sözləri futbolçunun agenti Tural Əsgərov deyib.

Onun sözlərinə görə, Axundzadənin komandaya yeni qoşulması və mövsümlərrası fasilədə kollektivlə birgə hazırlıq keçməməsi baş məşqçinin heyət seçiminə təsir edir.

“İlk növbədə onu nəzərə almaq lazımdır ki, Nəriman komandaya yeni qoşulub və təlim-məşq dönəmində kollektivlə bir yerdə olmayıb. Baş məşqçinin oyun sisteminə, taktiki tələblərinə uyğunlaşması üçün müəyyən vaxata ehtiyac var.

Futbolçunun meydana çıxıb-çıxmaması ilə bağlı son qərarı baş məşqçi verir. Məşqçiyə zəng edib “Niyə Nərimanı oynatmırsınız?” sualını verə bilmərəm. Eyni zamanda Nərimanın da hər oyundan sonra məşqçidən “Məni niyə oynatmırsınız?” soruşması düzgün yanaşma olmaz. İtənilən kollektivdə son söz baş məşqçiyə məxsusdur. Baş məşqçi futbolçunu məşqdə görür, fiziki hazırlığını bilir, taktiki tapşırıqları necə yerinə yetirdiyini və oyun vaxtı komandaya nə qədər fayda verə biləcəyini nəzərə alır. Nərimanın hazırda əsas məqsədi səbirli olmaq, məşqlərdə özünü göstərmək və verilən imkanlardan maksimum istifadə etməkdir. O, istedadlı və perspektivli futbolçudur. Ancaq yeni komandaya uyğunlaşmaq, yeni məşqçinin tələblərini mənimsəmək və əsas heyətdə yer qazanmaq üçün müəyyən müddət lazım ola bilər. Ümid edirəm ki, Nəriman yaxın gələcəkdə “Ərzurumspor”un heyətində daha çox şans qazanacaq, meydana çıxdığı oyunlarda öz keyfiyyətlərini göstərəcək və komandaya fayda verəcək”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Nəriman Axundzadə 2026-cı ilin avqustunun əvvəlində ABŞ-ın “Kolumbus Kru” klubundan Türkiyənin “Ərzurumspor” komandasına icarəyə keçib. Müqavilə 2027-ci il iyunun 30-dək, yəni 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub. Eyni zamanda, Türkiyə klubu Azərbaycan millisinin hücumçusunun transfer hüquqlarını almaq imkanına malikdir.

İdman.Biz