“Sabah”ın və Polşa millisinin futbolçusu Timoteuş Puxaç bir dəfə sərxoş azarkeşlə az qala əlbəyaxa olduğunu etiraf edib.
İdman.Biz xəbər verir ki, hadisə 2021-ci ildə, AVRO-2020 başa çatdıqdan qısa müddət sonra Poznanda baş verib.
Puxaç Polşa millisindəki komanda yoldaşları Yakub Moder və Kamil Yuzvyakla birlikdə istirahət edərkən sərxoş vəziyyətdə olan bir kişi onun yanına gələrək oyununu tənqid etməyə başlayıb.
“AVRO-dan dərhal sonra Kuba Moder və Kamil Yuzvyakla birlikdə Poznanda idik. Bütün axşam hər şey yaxşı keçirdi. Bir anda sərxoş bir nəfər yaxınlaşaraq məni tənqid etməyə başladı. Deyirdi ki, ötürmələr üzərində məşq etməliyəm. Bir dəfə dedi, ikinci dəfə dedi, üçüncü dəfə də təkrarladı”, – deyə Puxaç Polşanın “Meczyki” nəşrinə açıqlamasında bildirib.
“Sabah”ın müdafiəçisi etiraf edib ki, bir müddət sonra özünü saxlaya bilməyib və həmin şəxsi təkbətək dalaşmağa çağırıb.
“Sonda səbrim tükəndi və ona dedim: “Gəl, çölə çıxaq”. Təkbətək. Bundan sonra geri çəkilməyə başladı. Heç yerə getmədik, qorxdu. Mən döyüşçü deyiləm. İndi belə hərəkət etməzdim. Həyatımda ilk və yeganə belə hal idi. Buna görə peşmanam”, – deyə futbolçu etiraf edib.
Qeyd edək ki, Timoteuş Puxaç hazırda “Sabah”da çıxış edir. O, Polşa millisinin heyətində 15 oyun keçirib.
Xatırladaq ki, Bakı AVRO-2020-nin ev sahibliyi edən şəhərlərdən biri olub və turnirin dörd matçına ev sahibliyi edib. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunları keçirilib. Bundan başqa, paytaxtda Çexiya – Danimarka (1:2) komandaları arasında 1/4 final qarşılaşması baş tutub.
Əlavə edək ki, AVRO-2020 koronavirus pandemiyası səbəbindən bir il gecikmə ilə keçirilib.
