“Turan Tovuz”un futbolçusu: “Qələbəni əldən verdik”

15 Sentyabr 2026 10:08
65
“Turan Tovuz”un futbolçusu: “Qələbəni əldən verdik”

“Komandamızda kifayət qədər yaxşı futbolçular var. Bu da sağlam rəqabətin yaranmasına səbəb olur. Hər bir futbolçu məşqlərdə özünü göstərməyə və əsas heyətdə yer qazanmağa çalışır. Düşünürəm ki, bu rəqabət komandaya da müsbət təsir edir. İnşallah, mövsüm ərzində yüksək yerlər uğrunda mübarizə aparacağıq”.

Bu sözləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

27 yaşlı müdafiəçi səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə də danışıb.

“Oyuna həftə boyu yaxşı hazırlaşmışdıq. Qapımızda erkən qol görməyimizə baxmayaraq, tez zamanda toparlandıq. Gedişatda yaxşı imkanlarımız da oldu. Həmin fürsətlərdən yararlana bilsəydik, indi başqa şeylərdən danışardıq. Ümumilikdə oyuna yaxşı köklənmişdik və mübarizə apardıq”, - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.

Faiq 2:1 hesabından sonra azlıqda qalmağın komandanın işini çətinləşdirdiyini bildirib:

“İkinci qolu vurduqdan sonra 10 nəfərlə mübarizə aparmalı olduq. Bu da bizə müəyyən çətinliklər yaratdı. Belə vəziyyətdə oyunu saxlamaq və rəqibin təzyiqinə tab gətirmək daha çətin olur. Təəssüf ki, sonda qapımızda istəmədiyimiz qolu gördük və qələbəni əldən verdik”.

Hacıyev “Araz-Naxçıvan”ın qazandığı penalti epizoduna da münasibət bildirib:

“Fikrimcə, həmin epizodda qayda pozuntusu yox idi. Hakim haqda çox danışmağı sevməsəm də, mənim gördüyüm qədərilə orada penalti təyin olunmalı epizod yox idi”.

Son vaxtlar əsas heyətdə az şans qazanmasına toxunan Hacıyev baş məşqçinin qərarına hörmətlə yanaşdığını söyləyib: “Mənim işim məşqlərdə daha çox çalışmaq, özümü göstərmək və şans qazandığım zaman həmin fürsətdən düzgün istifadə etməkdir. Bunun üçün hər məşqdə əlimdən gələni etməyə çalışıram”.

İdman.Biz