Balotelli İtaliya futbolundakı problemlərin səbəblərini açıqlayıb

2 Sentyabr 2026 09:38
106
Balotelli İtaliya futbolundakı problemlərin səbəblərini açıqlayıb

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli İtaliya futbolundakı problemlərin səbəblərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, o bu barədə “The Guardian” nəşrinə danışıb.

“Problemlər çox sadədir. Texniki deyil, praktiki izahlar verməyə üstünlük verirəm. Biz uşaq olanda saatlarla futbol oynayırdıq. Yadımdadır, anam mənə əsəbiləşirdi, çünki topu görmək üçün havanın artıq çox qaraldığı vaxta qədər küçədə qalırdım.

Bu gün Breşiya kimi şəhərlərdə gəzərkən parklardakı futbol meydançalarının boş olduğunu görürəm. Orada heç kim yoxdur. Kompüterlər, telefonlar və “PlayStation” çox şeyi korlayıb. Amma ən başlıcası valideynlərin münasibəti dəyişib. Bu gün 7 yaşlı uşaq üç gündən bir iki saat futbol oynaya bilər. İstedadlar küçələrdə və parklarda üzə çıxır. Biz çox oynayır, çox şey öyrənir və özümüzdən yaşca böyük uşaqlarla rəqabət aparırdıq...

Bu gün uşaqlar telefonlarda otururlar. Onlar özlərini Ronaldinyo hesab edirlər, çünki onun videolarına baxırlar. Mən isə özümü Ronaldo hesab edirdim, çünki həyətdə onun etdiyi fintləri təkrarlaya bilirdim. Bu, tamamilə fərqli şeydir”, - deyə Balotelli bildirib.

Qeyd edək ki, Balotelli yanvar ayından BƏƏ-nin “Əl-İttifaq” klubunda çıxış edir. O, daha əvvəl “Cenoa”, “Montsa”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Mançester Siti”, “Milan” və “İnter” klublarında oynayıb.

İdman.Biz