Vüqar Nadirov: “Ehtiyat qüvvə çox olsaydı, “Qarabağ” daha fərqli qalib gələrdi”

22 Avqust 2026 11:34
89
Vüqar Nadirov: “Ehtiyat qüvvə çox olsaydı, “Qarabağ” daha fərqli qalib gələrdi”

“İtkilərin sayı çox olsa da, “Qarabağ” xarakter göstərdi. Oyunu izləyərkən hiss olunurdu ki, futbolçular meydanda can qoyurlar”.

Bu sözləri “Qarabağ”ın və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.

2009-cu ildə “köhlənlər”in sıralarında bu komandaya qol vurmuş (0:0, 1:3) Nadirov UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Tvente”ni 1:0 hesabı ilə yenən Ağdam təmsilçisinin qələbəsini dəyərləndirib.

“Ehtiyat qüvvə çox olsaydı, “Qarabağ” iki-üç cavabsız qolla da qalib gələ bilərdi. Baş məşqçi Qurban Qurbanov əlində olan “material”dan maksimum yararlandı. Zədəlilərin sayını da unutmayaq. Savo, Elvin, Sepas oynamırdı. Makreçkis də cəzalı idi... Bu sayda itkini nəzərə alsaq, möhtəşəm nəticədir. İkinci oyuna hazırlaşmaq lazımdır. Qurban Qurbanov ehtiyatlı oynamaq lazım olduğunu bizdən yaxşı bilir. Bizi maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, bu mübarizədən qalib ayrılan tərəf “Qarabağ” olacaq, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, “Qarabağ” - “Tvente” oyunu avqustun 27-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüşün start fiti 20:00-da səsləndiriləcək.

İdman.Biz